10 C
Baku
Thursday, December 12, 2024

AccessBank KOB və fiziki şəxslər üçün yeni kredit xətti yaratmağı planlaşdırır

AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri müsahibəsində bildirib ki, Bankın ümumi kredit portfeli 2022-ci ilin sentyabr ayına 765 milyon manat (450 milyon ABŞ dolları) təşkil edib. Göstərici ilin əvvəli ilə müqayisədə 25% artıb.

“Kredit portfelimiz mikro, riteyl, kiçik və orta biznes seqmentlərinə bölünüb. Təqribi 475 milyon manat (279,4 milyon dollar) portfellə Azərbaycanın mikro-kənd təsərrüfatı kreditləşməsi bazarında liderik. Mikrokredit portfelimizin üçdə biri, yəni 175 milyon manat (102,9 milyon dollar) kənd təsərrüfatı kreditləşməsinin payına düşür”, – deyə Sədr bildirib.

“AccessBank ötən ildən fiziki şəxslərə kredit verilməsini artırıb. Hazırda portfelin təxminən 20%-ni, yəni təxminən 150 milyon manat (88,2 milyon dollar) onların payına düşür. Bundan başqa, bank fərdi əmanətlərin cəlb edilməsində də fəal rol oynayır.”, – deyə Tsiklauri əlavə edib. “Biz fiziki şəxslərin bankımızda əmanət yerləşdirməsi və nağd kredit əldə etməsi ilə yanaşı, həm də bütün zəruri bank əməliyyatlarını məhz bizimlə həyata keçirmələri üçün lazımi şəraiti yaratmağı planlaşdırırıq”.

“Kredit portfelimiz illik, rüblük və aylıq olaraq artır. 2022-ci ilin avqustunda portfelimizin həcmi 2021-ci ilin eyni ayı ilə müqayisədə təxminən 40% artıb. Düşünürəm ki, kreditlərə tələbat bu ilin sonuna qədər artmaqda davam edəcək və 2023-cü ildə də azalmayacaq.” 

“Yaxın gələcəkdə yerli bazarda kiçik biznesin kreditləşməsinə təsir edə biləcək hər hansısa risk görmürük. Bununla yanaşı, hər gün dəyişən qlobal makroiqtisadi və geosiyasi situasiyaları diqqətlə izləyirik və xarici risklərin sayı artdıqca strategiyamızı da bunlara uyğunlaşdırırıq”, -deyə D.Tsiklauri vurğulayıb. 

O, həmçinin qeyd edib ki, AccessBank hər ay 5000-7000 (10000 manat və ya 5880 dollardan az olmayan) mikrokredit verir: “Bankımızın ölkə üzrə 29 filialı var və ayda 7 min kreditin verilməsi çox yüksək göstəricidir. Biz bölgələrdə çox fəalıq. Məsələn, hesablamalarımıza əsasən, mikrokredit bazarının 50-60%-i AccessBank-ın regionlarındakı filiallarının, 20%-i isə Abşeron filiallarının payına düşür.“

Bununla yanaşı, İdarə Heyətinin sədri bildirib ki, AccessBank-ın devalvasiya dövründən qalan qeyri-işlək kreditləri (QİK) 2022-ci ilin sonuna kimi minimum səviyyəyə endiriləcək:”2015-2017-ci illərdə devalvasiyalar və 2020-ci ildə COVID-19 pandemiyası zamanı işgüzar aktivlik zəiflədi. Bankımızın balansındakı QİK-lərin əksəriyyəti bu dövrlərdə azaldı. Hazırda 2015-2017-ci illərdə və pandemiya dövründə problemlərlə üzləşmiş müştərilərlə fəal işləyirik. Diqqətəlayiqdir ki, bankımızın QİK portfeli 2019-cu ildən başlayaraq azalmağa başlayıb və hazırda demək olar ki, 3 dəfə azalıb. Bütün banklar QİK probleminin həllində böyük irəliləyiş olduğunu göstərir və inanıram ki, buna iqtisadiyyatın sabitləşməsi və Azərbaycanın yaxşı makroiqtisadi göstəriciləri təsir edir.” 

Bankın gələcək planlarından danışarkən, Sədr mikro biznes və fiziki şəxslər üçün yeni kredit xəttinin yaradılması, proseslərin və bank xidmətlərinin daha da rəqəmsallaşdırılması istiqamətində işlərin görüldüyünü deyib:“Rəqəmsal kommunikasiya kanallarımızı təkmilləşdirməyə çalışacağıq. Bankın mütəxəssisləri fərdi sahibkarlara mikrokreditlərin, fiziki şəxslərə isə kreditlərin verilməsi prosesinin sadələşdirilməsi və avtomatlaşdırılması üzərində işləyir. Biz bu istiqamətdə böyük işlər görmüşük və gələcəkdə də davam etdirəyəcik, çünki elektron xidmətlər proseslərin daim yenilənməsini və modernləşdirilməsini tələb edir. Biznes müştərilər üçün avtomatlaşdırma layihələri ilə yanaşı, fiziki şəxslər üçün bank xidmətlərinin və məhsullarının rəqəmsallaşdırılması istiqamətində də işlər aparılır. Bizim özəl sektor üçün mobil və veb-bankinq xidmətimiz var. Bundan başqa, mütəxəssislərimiz fiziki şəxslər üçün bank xidmətlərinin rəqəmsallaşdırılması, o cümlədən alternativ xidmət və dəstək kanallarının göstərilməsinin inkişafı strategiyasını hazırlayıblar. Növbəti ildə zəruri hesab etdiyimiz bütün xidmət kanallarını tam şəkildə təqdim etməyi planlaşdırırıq”, deyə Davit Tsiuklauri bildirib. 

O, həmçinin qeyd edib ki, AccessBank ödəniş məhsullarının təkmilləşdirilməsi üzərində də işləyir:“Bank, ApplePay və GooglePay ödəniş üsullarını mümkün qədər tez istifadəyə vermək üçün əməliyyat tərəfdaşı ilə işləyir. Bu xidməti müştərilərimizə tam şəkildə tədqim edə bilməyimiz üçün Bankın işlədiyi əməliyyat mərkəzi müvafiq infrastruktur yaradır. Düşünürəm ki, bu iş həm tərəfdaşımız, həm də AccessBank tərəfindən 2023-cü ilin birinci rübündə tam yekunlaşacaq”.

Son xəbərlər
Digər xəbərlər