“Kapitallaşma zamanı bankın səhmdarları, kredit borcu qismində 20 milyon dollar təşkil ediblər – gözlənilməz kənar risklər baş verdikdə və ya plan göstəricilərindən əhəmiyyətli dərəcədə kənarlaşma olduğu halda, bu məbləği kapitala konvertasiya etmək mümkündür”.
Bunu APA-ya müsahibəsində “AccessBank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov “Bankın nizamnamə kapitalının artması gözlənilirmi?” sualına cavabında deyib.
Bank sədri deyir ki, 2019-cu il göstərdi ki, bankın göstəriciləri plandan yüksəkdir, bütün prudensial normativlər isə tənzimləyicinin minimal tələblərini üstələyir.
“Belə ki, məsələn, bütün ehtiyatların yaradılması və itkilərin qarşılanması nəzərə alınmaqla, biz, 2020-ci ilin yanvar ayını 79,5 milyon manatlıq kapitalla başa vurmağı planlaşdırırdıq. Bununla belə, bizim faktiki kapitalımız 86,7 milyon manat təşkil edib, bu isə biznes-planda nəzərdə tutulandan 7 milyon manat artıqdır.
Beləliklə, artım sürəti və biznes-plana uyğunluq proqnozlarımız nəzərə alınmaqla, hazırda nizamnamə kapitalının daha da artırılmasına ehtiyac yoxdur” deyə Həsənov müsahibəsində deyib.