Silikon Vadisində İT mütəxəssislərinin ixtisarı təxminən iki dəfə artıb

Süni intellekt bumuna, İT şirkətlərinin milyardlarla dollarlıq qiymətləndirmələrinə və texnologiya sektorundakı yüksək maaşlara baxmayaraq, San-Fransisko bölgəsində çalışan bir çox mütəxəssis ixtisarlarla üzləşir və yeni iş tapmaqda çətinlik çəkir.

Bloomberg yazır ki, son bir ildə Silikon Vadisində İT şirkətləri təxminən 14,5 min əməkdaşı işdən çıxarıb. Bu göstərici illik müqayisədə demək olar ki, iki dəfə artıb. Eyni zamanda proqram tərtibatçıları üçün vakansiyaların sayı 2022-ci illə müqayisədə 42% azalıb.

Nəticədə karyerasına proqram təminatı tərtibatçısı kimi başlayan bir çox mütəxəssis yeni rollara uyğunlaşmaq üçün yenidən təhsil almağa məcbur olur.

Çətinliklər xüsusilə gənc əməkdaşlar arasında daha nəzərəçarpandır. Kaliforniyada süni intellektin təsirinə daha çox məruz qalan sahələrdə çalışan 22–25 yaşlı işçilər arasında məşğulluq ChatGPT-nin istifadəyə verilməsindən bəri təxminən 17% azalıb. Digər sahələrdə isə azalma 4,6% təşkil edib.

Bununla yanaşı, Silikon Vadisində yeni tip mütəxəssislərə tələbat artır. Kompüter elmləri və süni intellektlə bağlı vakansiyaların sayı 37% yüksəlib.

Ən çox tələb görən yeni rollardan biri forward deployed engineer-dir. Bu mütəxəssis yalnız kod yazmır, həm də müştərilərlə işləyir və süni intellekt həllərinin biznes proseslərinə inteqrasiyasına kömək edir.

2022-ci ildən bəri regionda bu tip vakansiyaların sayı təxminən 600% artıb. Median illik əməkhaqqı isə təxminən 202 min dollar təşkil edir.

Məsələn, OpenAI bu vəzifə üzrə illik 145 min dollardan 325 min dollaradək maaş təklif edir. Anthropic-də isə əməkhaqqı 320 min dollara qədər yüksələ bilir.

Əmək bazarındakı çətinliklər fonunda işdən çıxarılan İT mütəxəssisləri qarşılıqlı dəstək üçün müxtəlif icmalar yaradırlar. Onlar birlikdə görüşlərə və gəzintilərə qatılır, müsahibələrə hazırlaşır və uzunmüddətli iş axtarışının yaratdığı sosial təcridlə mübarizədə bir-birinə dəstək olurlar.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər