21 C
Baku
Thursday, May 9, 2024

Adı könüllü, özü isə icbari olan səfər sığortası – onu niyə almırlar?

Azərbaycanda səfər sığortası rəsmən könüllü sığorta növü olsa da, təcrübə göstərir ki, onu yalnız təsir mexanizminin hesabına alırlar, yəni əslində icbaridir.

Həmin təsir mexanizmi isə əsasən Avropa İttifaqı ölkələrinə səyahət zamanı səfirliklərin viza vermək üçün irəli sürdüyü sığorta tələbidir.

Yəni, vətəndaşın təqdim etdiyi sənədlər arasında səfər sığortası şəhadətnaməsi olmasa, ona viza verilmir. Özü də bu sığorta planlaşdırılan səyahət müddətindən 10-15 gün əlavə müddətə əldə edilməlidir. Türkiyə, Gürcüstan, Rusiya kimi viza tələb olunmayan ölkələrə gedən vətəndaşlarımız isə səyahət sığortası almaqda maraqlı olmurlar. Halbuki, turist təkcə Avropada deyil, elə qonşu ölkələrdə də sağlamlığı ilə bağlı problemlər yaşaya bilər.

Sığorta məsələləri üzrə ekspert Əli Bayramov hesab edir ki, səfər sığortasının satışını artırmaq, onu kütləvi şəkildə alınan sığorta növünə çevirmək üçün bu məhsulun satışı rəsmən icbari olmalıdır. Məsələn, onun fikrincə, təyyarə ilə ölkəni tərk etmək istəyən şəxslərin səfər sığortası olmasa, onlar hava limanından geri qaytarıla bilər: “Bunun üçün qanunvericiliyə dəyişiklik etmək olar ki, səfər sığortasının olub-olmaması aeroportlarda yoxlanılsın. Hətta belə ola bilər ki, sığortası olmayan şəxslərdən həmin məhsulu elə hava limanında almaq tələb edilsin”.

Ekspert həm də təklif edir ki, Azərbaycan gələn turistlərdən də ölkə ərazisinə daxil olarkən səfər sığortası istənilsin: “Mən hesab edirəm ki, biz əcnəbilərin də icbari qaydada səyahət sığortası almasını təmin etməliyik. Bu halda xarici vətəndaşlar həm ölkəmizə sığortalı səfər edərlər, həm də iqtisadiyyatımız da bundan qazanar”.

Ə.Bayramovun fikrincə, hazırda səfər sığortası üzrə alınan sığorta haqları reallığı əks etdirir: “Azərbaycanda həmişə səfər sığortası ucuz olub. Çünki, həm bu sığorta növü üzrə zərərlilik az olub, həm də yerli sığortaçılar bu məhsulun təkrarsığortasını xarici bazardan yaxşı qiymətə alıblar. Razıyam ki, inflyasiyanı, tibb sektorunda qiymət artımını və başqa amilləri nəzərə almaq lazımdır. Amma zərərlilik az olduğuna görə bu, o qədər də böyük əhəmiyyət kəsb etmir. Məsələn, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik çoxdur. Yəni hadisənin baş vermə tezliyi, hadisə intensivliyi yüksəkdir, dəyən zərərin məbləği isə az deyil. Ona görə də bu zərərləri qarşılamaq üçün məcburən sığorta haqları artırıldı. Amma səfər sığortası elə deyil. Nadir hallarda sığorta hadisəsi baş verir”.

Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda səfər sığortası üzrə 5.3 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2.6% artaraq cəmi 0.3 milyon manat olub.

Xarici İşlər Nazirliyinin açıqladığı məlumata görə isə, hazırda Azərbaycan vətəndaşları 68 ölkəyə vizasız səyahət edə bilər. Bu, həm də səfər sığortası satmaq üçün potensialın nə qədər böyük olduğundan xəbər verir.

Dövlət Sərhəd Xidmətinin açıqladığı məlumata görə isə, bu ilin yanvar-oktyabr aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 27.1% artaraq 1 545.2 min nəfər olub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər