Milli Məclisin bu gün keçirilən iclasında “Əmanətlərin siğortalanması haqqında” qanuna dəyişikliklər müzakirə olunub.
Müzakirə zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi qəbul olunacağı təqdirdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında maliyyə bazarlarına nəzarət orqanının nümayəndələrinin sayı azaldılacaq, müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı isə artırılacaq. Belə ki, qanuna təklif edilən dəyişikliklərə görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında maliyyə bazarlarına nəzarət orqanının bir nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsinin daxil edilməsi təklif olunur.
Qeyd edək ki, qüvvədə olan qanunvericiləyə əsasən, Fondun Himayəçilik Şurasında maliyyə bazarlarına nəzarət orqanının (Maliyyə Bazarlarına Nəzarət Palatası – red.) iki nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının iki nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi təmsil olunur.
Mövcud qanunvericiliyə görə, indiyədək Fondun Himayəçilik Şurası öz səlahiyyətlərini müstəqil həyata keçirirdisə, təklif olunan dəyişikliklər qəbul olunacağı təqdirdə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalı olacaq.
Əgər indiyədək Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru və onun müavini Himayəçilik Şurası tərəfindən vəzifəyə təyin edilirdisə, dəyişiklik qəbul ediləcəyi təqdirdə bu vəzifəyə təyinat və azadolma müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq.
Layihə səsə qoyularaq qəbul edilib.