Portuqaliya məhkəməsi, keçmiş Anqola prezidenti Joze Eduardu duş Santuşun qızı İzabel duş Santuşun bütün bank hesablarının dondurulması barədə qərar qəbul edib.
Bu barədə Portuqaliyanın Radio e Televisao de Portugal dövlət mediaqrupu məlumat yayıb.
Portuqaliya prokurorluğu vurğulayıb ki, bank hesablarının dondurulması əmri ölkənin prokurorluğu tərəfindən Portuqaliya və Anqola hakimiyyət orqanlarının əməkdaşlığının nəticələrinə əsasən verilib.
Milyarder qadın külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilir. Onun Portuqaliyanın “EuroBic” və “Millenium BCP” banklarındakı hesablarının dondurulmasına dair əmr ötən həftə verilib.
Anqola Baş Prokurorluğundan verilən məlumata görə, İzabel duş Santuş tərəfindən aparılan əməliyyatlar nəticəsində dövlət 1.36 milyard ABŞ dolları itirib. O, 2017-ci ilin sonunda ölkəni tərk edib, hazırda Baş Prokurorluq onun vətənə dönməsini tələb edir.