27 C
Baku
Saturday, July 27, 2024

Ağ gilasa tələbat daha çoxdur

İmişlidə “Krım” adı ilə tanınan gilas sortunun yığımına başlanılıb. Ağaclarda bol məhsul var, qiymətlər də münasibdir.

Şahverdili kənd sakini Nazim Həsənov bildirib ki, təsərrüfatı 20 sot sahədən ibarətdir və bağda 150 ədəd gilas ağacı var. Bu il bol məhsulun yetişdiyini söyləyən bağban, qiymətlərin ucuz olduğunu da deyir.

Təsərrüfatda əsasən 4 növ gilas ağacı əkilib. Onlardan “Öküz ürəyi” və “Zəngilan” sortları daha tez yetişən olduğu üçün bir neçə gün əvvəl yığımı yekunlaşıb. Hər ağac orta hesabla 50-60 kiloqram məhsul verib. Hazırda isə “Krım” gilası yığılır. Bu gilas isə bərk və daha qalıcıdır.

Yaxın 10 gün ərzində yığılacaq gilasın hər ağacından 50-100 kiloqram məhsul gözlənilir. Bağban Nazim Həsənov söyləyir ki, qiymətlər də çox sərfəlidir. Hazırda 1 kiloqram gilasın yerində satışı 80 qəpik – 1 manat arasında dəyişir.

Şahverdili kəndində Nazim Həsənovun bağ sahəsi kimi 250-dən çox təsərrüfat var və ümumilikdə, kənddən mövsüm zamanı 15 tona yaxın gilas istehsal olunur.

Ötən il meyvə bağından gəlir əldə edən digər bağban Gülağa Qurbanov da bu il 1 ton yarım giləmeyvə yığmağı qarşıya məqsəd qoyub. O deyir ki, ağ gilas mürəbbə bişirilməsi üçün daha çox istifadə olunur deyə tələbat da çoxdur. Lakin bəzən məhsullarını sata da bilmirlər. Ona görə də bağ sahiblərinin bir istəyi var: rayonda məhsul qəbulu məntəqəsinin və ya gilasdan şirələr hazırlayacaq müəssisənin olması. Əgər belə olarsa, məhsul itkiyə getməz.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər