31 C
Baku
Sunday, June 16, 2024

“Ağcabədi Taxıl Aqropark”ının yaradılmasına 9.8 milyon manat güzəştli kredit verilib

Ümumi dəyəri 35 milyon manat olan “Ağcabədi Taxıl Aqropark”ının yaradılmasına İqtisadiyyat Naziriliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 9,8 milyon manat güzəştli kredit verilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, aqroparkın ərazisində arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və s. bitkilər becərilir. Aqroparkda, həmçinin 115 hektar sahədə intensiv badam bağı salınıb. Suvarma mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin sahələrinin suvarılmasında müasir metodlardan istifadə edilir. Aqroparkın emal sahəsi gündəlik gücü 150 ton olan yem zavodundan və 100 ton olan yem paketləmə xəttindən ibarətdir. Burada, həmçinin 26 min kubmetr həcmində müasir taxıl və 12 min kubmetrlik silos anbarları yaradılıb. Gücü saatda 50 ton olan qurutma sahəsində dənli bitkilərin qurudulması üçün müasir avadanlıq quraşdırılıb. Aqroparkın texnika parkı 30 traktor və kombayndan, eləcə də 86 aqreqatdan ibarətdir. Burada 41-i daimi olmaqla 150 iş yeri yaradılıb.

İndiyədək 22 rayon üzrə 66 min hektar ərazidə 24 aqropark qeydiyyata alınıb, bunlardan 22-si özəl, 2-si isə dövlət statuslu aqroparklardır. 24 aqroparkdan 22-si artıq fəaliyyətə başlayıb, 2 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Qeydiyyata alınan aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik (əsasən birillik əkinlər), 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb.

Bu 24 aqroparkın ümumi layihə dəyəri 1,2 milyard manat təşkil edir. Bununla yanaşı aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 153,5 milyon manat dövlət dəstəyi göstərilib. Belə ki, indiyədək 15 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 137 milyon manat güzəştli kredit ayrılıb, həmçinin investisiya təşviqi sənədi verilmiş 17 aqropark tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16.5 milyon manat dəyərində güzəşt əldə edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər