31 C
Baku
Monday, June 17, 2024

Ağır sənaye müəssisələrinin canlandırılmasına 280 mln. manat tələb olunacaq

Azərbaycanın ağır sənaye və maşınqayırma sahəsində təsərrüfat fəaliyyətinə tam həcmdə cəlb olunmayan aktivlərdən (müəssisələrdən) və təbii resurslardan maksimum istifadəni şərtləndirən birinci amil mərkəzləşdirilmiş reyestrin yaradılmasıdır. Bu barədə Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırma sektoru üzrə bu Strateji Yol Xəritəsində deyilir.

Sənəddə qeyd edilib ki, hazırda bəzi aktivlərlə bağlı məlumatlar mövcud olsa da, ümumi məlumat sistemi mövcud deyil.

Ağır sənaye və maşınqayırma sektoruna aid müəssisələrin böyük hissəsi köhnəlmiş avadanlıqlar və istehsal proseslərinin vaxtında yenilənməməsi səbəbindən beynəlxalq standartlara cavab vermir. Bu müəssisələrdə texnologiya və materiallara investisiya qoyuluşunun məhdud səviyyədə olması onların idxal malları ilə rəqabət imkanlarını zəiflədib. Beləliklə, müəssisələrin gücü, mövcud aktivləri, məhsul portfeli, istehsal həcmi və tətbiq etdikləri texnologiyalar barədə mövcud məlumatlar təkmilləşdirilməlidir. Mərkəzləşdirilmiş reyestrin əsas üstünlüyü ölkədə mövcud potensial və istifadə edilməyən imkanlar barədə aydın təsəvvür formalaşdırmaqla, iqtisadi tənzimləmə qərarlarının səmərəliliyinin artırılmasına və ölkə iqtisadiyyatının inkişaf planlarının müəyyənləşdirilməsi zamanı bütün amillərin nəzərə alınmasına şərait yaratmaqdan ibarətdir.

Strateji Yol Xəritəsində deyilir ki, beynəlxalq təcrübəyə əsasən, aktivlərin sistemləşdirilməsinə və sonrakı istifadəsinə dair qərarların qəbulu rəqabətqabiliyyətlilik və tələb olunan investisiya tutumu meyarları nəzərə alınmaqla aparılır. Canlandırma fəaliyyəti, ilk növbədə, rəqabət qabiliyyəti yüksək olan və az investisiya tələb edən müəssisələrə şamil ediləcək. Rəqabət qabiliyyəti aşağı olan və ciddi investisiya tələb edən aktivlərin isə təyinatının dəyişdirilməsi imkanları nəzərdən keçiriləcək.

Potensial qiymətləndirmə sahələrinə resursların mövcudluğu, yerli istehlakın həcmi, əmək xərcləri, enerjidən istifadə xərcləri, eləcə də digər ölkələr ilə müqayisədə hədəf bazarlarda tətbiq olunan tariflər və razılaşmalar (məsələn, azad ticarət zonaları və idxal proteksionizmi) daxildir. Bundan başqa, potensial meyarlara canlandırma tədbirinin nəticəvermə müddəti, yerli istehlakın həcmi və miqyası, eləcə də regiondakı ölkələrin idxal və iqtisadi artım səviyyəsi də daxildir.

Bildirilir ki, müxtəlif dövlət qurumlarının məlumat bazalarının təhlili və inteqrasiyası, obyektlərə yerində baxış, sorğu və müsahibələr, çarpaz (qarşılıqlı) yoxlamalar nəticəsində tam gücü ilə istifadə olunmayan aktivlərin və təbii resursların mərkəzi elektron reyestri yaradılacaq. Cavabdeh orqan reyestrin saxlanılmasını və mütəmadi yenilənməsini təmin edəcək.

Bundan başqa, yetərli səviyyədə istifadə olunmayan aktivlər rəqabətqabiliyyətlilik və investisiya ehtiyacları üzrə təhlil ediləcək. Bu zaman yerli bazarın həcmi, yerli xammalın mövcudluğu, hədəf malların yerli və regional qiymətləri, tarif və gömrük rüsumları diqqətə alınacaq. İlkin mərhələdə yerli bazarlarda və region ölkələrinin bazarlarında rəqabət imkanları yüksək qiymətləndirilən aktivlər müəyyənləşdiriləcək, sanasiya tədbirlərinə tələb olunan investisiya həcmləri hesablanacaq, həmçinin ölkənin təbii resurslar bazası (neft-qaz sektoru istisna olmaqla) təhlil edilərək, qara və əlvan metallurgiya, ağır maşınqayırma sahələri üçün istehsalın xammal tələbatının yerli xammal hesabına təminatı sahəsində mövcud olan, lakin istifadə edilməyən imkanlar yenidən qiymətləndiriləcək.

Potensial rəqabət qabiliyyəti yüksək hesab edilən aktivlər (müəssisələr) üzrə texniki- iqtisadi və maliyyə əsaslandırmaları aparılaraq sektora və ümumi iqtisadiyyata təsirlər hesablanacaq, müəssisələrin yenidən işə salınması üçün özəlləşdirmə, borcların restrukturizasiyası, yenidən təşkil olunma, strateji investorun cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığı, xarici kapitalla birgə müəssisələrin yaradılması, təcrübəli beynəlxalq operatorun idarəetməsinə verilməsi və s. kimi müxtəlif vasitələrdən istifadə olunacaq.

Mərkəzi reyestrin yaradılmasının iqtisadiyyata əsas təsiri resursların tam istifadə olunması üçün şəraitin yaradılmasından ibarət olacaq. Aktivlərin canlandırılması və təyinatının dəyişdirilməsi fəaliyyətinin 2020-ci ildə real ÜDM-i 45 milyon manat artıracağı və 2000-dən artıq iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Əsas icra göstəriciləri:

 mərkəzi reyestr və əlaqələndirilmiş məlumat bazalarının fəaliyyətə başlaması;
 fəaliyyət göstərməyən ən azı 5 müəssisənin 2020-ci ilədək yenidən işə salınması;
 rəqabət qabiliyyəti zəif olan 10 müəssisənin istehsal yönümünün dəyişdirilməsi.

Canlandırma və təyinatın dəyişdirilməsi məqsədilə 2020-ci ilədək 280 mln. manat investisiya vəsaitinin tələb ediləcəyi proqnozlaşdırılır.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər