7 C
Baku
Thursday, December 12, 2024

“Aİ ATƏT-in Minsk qrupunun de-fakto “ölümü”ndən sonra yaranmış boşluğu doldurmağa çalışır”

“İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə göstərdi ki, Ermənistanla ölkəniz arasında münasibətlərin normallaşmasına imkan verəcək sülh müqaviləsinin bağlanmasına tərəfdardır”.

Banker.az xəbər verir ki, bunu “Report”a ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Aİ Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə baş tutmuş görüşü şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan da bu istiqamətdə hərəkət etmək istəsə də, bir vaxtlar işğal altında olan Azərbaycan ərazilərini geri qaytarmaq kimi əlçatmaz arzuyla yaşayan müxalifət səbəbindən bunu edə bilmədi: “Onların bu arzusu da öldü”, – o əlavə edib.

O həmçinin bildirib ki, Avropa Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün nəticələrinə əsasən səsləndirdiyi bəyanat həqiqətən yaxşı əlamətdir və ölkələrin sülh müqaviləsinin imzalanmasına yaxınlaşdıqlarından xəbər verir. Belə ki, bəyanatda xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırıldığı bildirilir.

Brayza bəyanatda ATƏT-in Minsk qrupunun bir dəfə də olsun xatırlanmadığını, Brüssel görüşünün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə yeni danışıqlar formatının qurulması üçün zəmin yaratdığını vurğulayıb: “Bəyanatda ATƏT-in Minsk qrupunun xatırlanmaması Aİ-nin ATƏT-in Minsk qrupunun de-fakto “ölümü”ndən sonra yaranmış boşluğu doldurmağa çalışdığından xəbər verir”.

Ekspert aprelin sonuna planlaşdırılan görüşdə Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı razılığa gələ biləcəyinə ümidvar olduğunu bildirib.

“Demarkasiya ilə bağlı danışıqlar vaxt tələb edəcək. Bu razılaşma uğurlu olacaq, sadəcə onun əldə olunması üçün nə qədər zaman tələb olunacağını bilmirəm”, – o fikrini tamamlayıb.

Son xəbərlər
Digər xəbərlər