10 C
Baku
Thursday, December 12, 2024

Aİ-nin növbəti enerji böhranı: Rusiya-Ukrayna münaqişəsi fonunda İttifaqın qaz təchizatı və alternativ axtarışları

2022-ci ilin 24 fevralından etibarən Rusiyanın Ukrayna ərazisində başladığı hərbi əməliyyatlar Avropa İttifaqının Rusiyadan enerji asılılığını, xüsusən təbii qaz təchizatında Rusiyanın vacib rolunu bir daha gündəmə gətirdi. Müharibənin ilk günlərindən enerji qiymətlərində artım və təchizatın dayanması riskləri İttifaqın enerji, o cümlədən qaz təchizatı çatışmazlıqları ilə üzləşməsi vəziyyətini mümkün edirdi. Hadisələrin belə gedişatı Avropa İttifaqını mövcud enerji siyasətini yenidən gözdən keçirməyə və qaz təchizatı mənbələrinin Rusiyadan diversifikasiyası istiqamətində təcili addımlar atmağa sövq etmişdir.

İki hissədən ibarət olan məqalənin hazırkı birinci hissəsində (ikinci hissəyə keçid bu linkdədir) İttifaqın enerji təhlükəsizliyində Rusiya-Ukrayna müharibəsindən əvvəlki vəziyyət, müharibənin başlanmasından sonra Aİ tərəfindən Rusiyaya qarşı enerji sanksiyalarının tətbiqi, İttifaq ölkələrinin təbii qaz təchizatında Rusiyanın rolu, Rus qazının alışının rublla həyata keçirilməsi, Avropa İttifaqının yeni enerji strategiyası və təbii qaz saxlanclarının təminatı üçün yeni mexanizm barəsində danışılır.

“Fırtınadan əvvəl fırtına”

Avropa İttifaqında enerji böhranı müharibədən daha əvvəl başlamışdı. Ötən ilin sentyabr-oktyabr aylarından etibarən İttifaq ərazisində təbii qaz təchizatı problemləri və rekord təbii qaz qiymətləri hökm sürürdü. Post-pandemiya dövründə iqtisadi aktivliyin bərpası və enerjiyə tələbatın artması fonunda enerji, o cümlədən təbii qaz ehtiyatlarının kifayət qədər olmaması təbii qaz və elektrik qiymətlərini daha əvvəl müşahidə olunmayan həddə qədər yüksəltmişdi. Sözügedən dövrdə Avropa İttifaqının qaz saxlancı səviyyəsi 70-75% civarında olmaqla əvvəlki illərdəki 85-90% faiz səviyyəsindən aşağı idi. Təbii qaz saxlanclarının normaldan aşağı olmasına səbəb Avropada 2020-2021-ci ilin qışının sərt keçməsi və yaz aylarına qədər saxlanclardan qazın istifadəsi, habelə yay mövsümündə elektrik təchizatı üçün istifadə olunan külək enerjisinin (Şimal dənizindən təchiz edilən) çox aşağı səviyyədə olmasının daha çox təbii qaz istifadəsinə gətirib çıxarması idi (Oxşar vəziyyət təkcə Avropada yox, digər dünya ölkələrində də müşahidə olunurdu: bir çox ölkələrdə (məs, Braziliya və Türkiyə) quraqlıq səbəbindən su elektrik enerjisi təchizatının azalması onların qaza olan tələbatının çoxalmasına və daha çox təbii qaz və LNG alışına səbəb olmuşdu).

İttifaqı böhran vəziyyətindən xilas edən LNG idxalının artırılması, 2021-2022-ci il qış mövsümünün gözləniləndən daha mülayim keçməsi və Rusiyadan müqavilə öhdəlikləri üzrə qaz təchizatının davam etdirilməsi oldu. Lakin, həmin dövrdə Rusiyanın “Qazprom” şirkəti Avropa İttifaqına müqavilə öhdəliklərindən kənar əlavə qaz satışına razılıq verməmiş, özünün Avropadakı saxlanclarının səviyyəsini aşağı saxlamaqla mövcud vəziyyətdən İttifaqın şirkətlə yeni uzunmüddətli müqavilə imzalaması və “Nord Stream 2” kəmərinin fəaliyyətinə icazə verilməsi üçün təzyiq vasitəsi kimi istifadə etmişdi.

Rusiya-Ukrayna münaqişəsi və təbii qaz təchizatında qırılmalar

2022-ci ilin fevralın 24-də Rusiyanın Ukrayna sərhədlərini pozaraq hərbi əməliyyatlara başlaması dünya və Avropa enerji bazarlarında narahatlıq və volatilliklə müşahidə olundu. Rusiyadan Avropaya qaz ixracının müharibə səbəbilə qaz tranziti infrastrukturuna dəyə biləcək mümkün ziyan, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar və ya Rusiyanın enerji resurslarından Qərblə mübarizədə “silah” kimi istifadə etməsi səbəbindən dayanması təhlükəsi təbii qazın satış qiymətinin artmasına səbəb oldu. Aİ ərazisində artan təbii qaz qiymətləri 1 gündə 75%-dən çox artmaqla 7 mart tarixində ən yüksək həddə çatmışdı.

Mənbə: Statista.com

Rusiyadan qaz təchizatının davam etməsi, saxlancların səviyyəsinin yüksəlməsi ilə təchizat risklərinin səngiməsi, həmçinin Rusiya qazı üçün rubl ilə ödənişlərə Avropa Komissiyası tərəfindən icazə verilməsi apreldən etibarən qaz qiymətlərində eniş və stabilləşməyə imkan versə də, iyunun ortalarında Rusiyanın “Şimal Axını 1” kəməri vasitəsilə Almaniya, İtaliya və Slovakiyaya qaz təchizatını azaltması qiymətlərin yenidən artmasına və 15 iyunda gün ərzində 30% yüksələrək 1 meqavatt saat üçün 146 avroya çatmasına səbəb olmuşdur. Belə ki, Rusiya “Şimal Axını 1” boru kəmərində texniki problemləri əsas gətirərək Almaniyaya günlük qaz təchizatını 60%, İtaliyaya 15%, Slovakiyaya 30% azaltmış və Avstriyaya oxşar azalma ilə bağlı xəbərdarlıq etmişdir. Avropa ölkələri bu addımın texniki səbəblərlə əlaqəli olmadığı və Rusiyanın enerji təchizatından siyasi alət kimi istifadə etdiyi qənaətindədirlər. Təchizatın bu səviyyədə davam etməsinin qeyd olunan ölkələr, xüsusən Almaniya üçün ciddi çətinliklər yaratması qaçılmazdır.

Müharibənin Ukrayna vasitəsilə Avropaya ötürülən Rus qazının tranzitinə maneə yaratması riskləri isə əsasən reallaşmamışdır. Hazırkı vaxtadək bu hala istisna yalnız mayın 11-də Ukraynanın əsasən Avstriya, İtaliya, Slovakiya və digər Şərqi Avropa ölkələrinə qaz ötürən və Ukrayna vasitəsilə Avropaya ötürülən Rusiya qazının 1/3-nin ötürülməsinə cavabdeh olan tranzit nöqtəsinin fəaliyyətini dayandırması olmuşdur.

Qeyd: Rusiyadan Aİ ərazisinə təbii qaz 4 əsas marşrut – Ukrayna, “Şimal Axını 1”, Yamal (Polşa vasitəsilə) və TurkStream (Türkiyə vasitəsilə) üzrə ixrac edilir.

Rusiyaya qarşı enerji sektorunda sanksiyalar

Müharibənin başlanması əsnasında və hərbi əməliyyatların davam etdiyi 4 aydan çox dövrdə qərb ölkələri, o cümlədən Avropa İttifaqı Rusiyanı münaqişədən çəkindirmək, hərbi əməliyyatları dayandırmağa məcbur etmək və iqtisadi vasitələri məhdudlaşdırmağa yönələn sanksiyalar tətbiq etmişdir. Rusiya iqtisadiyyatının əsas hissəsini təşkil edən qalıq yanacaqlar, neft, qaz və kömür ixracından əldə olunan gəliri azaltmaq üçün sanksiyaların tətbiqi bu istiqamətdə ən effektiv alət kimi görünsə də, enerji sektorunda sanksiyaların qəbulu daha çətin və ağrılı olmuşdur.

Aİ ölkələrindən ilk belə addım Rusiyanın Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bəyan etməsindən sonra Almaniyanın “Şimal Axını 2” boru kəmərinin fəaliyyətinə icazə verilməsi prosesinin dayandırılması qərarı oldu. Tikintisi 2021-ci ilin sentyabrında başa çatmış və tikintisinə 11 milyard ABŞ dolları sərf olunan dünyanın ən uzun sualtı boru kəməri olan “Şimal Axını 2” Rusiya və Almaniyanı birləşdirməklə illik 55 milyard m3 təbii qaz nəql etmək gücünə malik olacaqdı.

Əməliyyatlar başlandıqdan sonra Rusiyanı əsas gəlir mənbəyindən məhrum etmək üçün Avropa İttifaqına Rusiyadan enerji məhsulları idxalını dayandırmaq istiqamətində çağırışlar olsa da, Rusiyadan enerji idxalı enerji təchizatının əsasını təşkil edən İttifaq ölkələri tez bir zamanda embarqo qoyulmasına hazır deyildilər. 2019-cu ildən bəri Rusiyadan təbii qaz idxal etməyən ABŞ üçün Rusiyadan neft və qaz idxalına qadağa qoymaq, həmçinin qaz təchizatının yalnız 5%-i Rusiyadan daxil olan Böyük Britaniya üçün 2022-ci ilin sonunadək Rusiyadan kömür və neftin idxalının dayandırılması və bundan sonra mümkün qədər tez (qeyri-müəyyən müddət) qaz idxalının dayandırılması qərarını qəbul etmək çətin olmasa da, Rusiyadan enerji idxalında asılılığı yüksək olan Avropa İttifaqı üçün oxşar sanksiyaların qəbulu daha problemlidir.

Qeyd: Rusiyaya qarşı enerji sektorunda sanksiyalar idxalın dayandırılması ilə məhdudlaşmayıb, bu sektora yeni investisiya qoyuluşlarının qadağan edilməsi, Rusiyaya neft və qaz emalında istifadə olunan texnologiya və avadanlıqların ixracına, habelə xidmətlərin göstərilməsinə qadağa qoyulması, həmçinin iri enerji şirkətlərinin Rusiya bazarını tərk etməsini də əhatə edir. Eyni zamanda, Rusiyadan neft idxalı bir çox ölkə tərəfindən qadağan edilməsə belə, münaqişənin ilk günlərindən etibarən alıcıların ictimai qınaq və ya sanksiyaların mümkün yan təsirlərindən yayınmaq üçün Rusiya mənşəli nefti almaqdan könüllü imtina etməsi halları “Ural” markalı Rusiya neftinin endirimlərlə bazar qiymətindən daha aşağı qiymətə satılmasına səbəb olmuşdu.   

İttifaq ölkələri tərəfindən sanksiyaların tətbiqinə münasibətdə kömür, neft və qaz arasında differensiasiyaya ehtiyac İttifaqı Rusiyadan enerji idxalından mərhələli şəkildə imtina etmək kursunu seçməyə məcbur etdi. Belə ki, Avropa İttifaqı 5-ci sanksiyalar paketi üzrə Rusiyadan kömürün idxalına qadağa tətbiq etmiş və 6-cı sanksiyalar paketinin tərkib hissəsi kimi mayın sonunda Rusiyadan neft idxalının 2022-ci ilin sonuna qədər dayandırılması (Aİ üzvü Macarıstana Rusiyadan boru kəməri ilə idxal olunan neft istisna olmaqla) ilə bağlı razılığa gəlmişdir.

Brüsseldə artıq növbəti sanksiyalar paketi üzrə Rusiyadan qaz idxalına qarşı tədbirlər (qaz idxalına gömrük rüsumlarının tətbiqi və ya qiymət limitlərinin müəyyən edilməsi kimi) görülməsi müzakirəsinə başlanılsa da, təbii qaz idxalından imtina hazırkı mərhələdə mümkün və əlverişli görünmür. Məsələn, İttifaqın ən iri iqtisadiyyatı Almaniya Rusiyadan neft və kömür idxalının dayandırılmasına və digər mənbələr ilə əvəz edilməsinə razılıq versə də, qaz ilə məsələ bir qədər fərqlidir. Digər ölkələrdən qaz idxalının artımı, elektrik enerjisi istehsalı üçün istifadə olunan qazın kömür və nüvə enerjisi ilə əvəz edilməsi və qaz saxlanclarının dolu saxlanılmasının belə Almaniya üçün Rusiyadan idxal itkisinin yalnız 70 faizə qədərini əvəz edə biləcəyi proqnozlaşdırılır. Bu səbəbdən Almaniya Rusiyadan neft idxalını 2022-ci ilin sonuna qədər, qaz idxalını isə 2024-cü ilin yayına qədər dayandırmağı planlaşdırır. Eyni zamanda, Rusiyadan təbii qaz idxalına yüksək rüsumların tətbiqi belə hazırkı mərhələdə saxlancların səviyyəsini yüksəltməyə çalışan İttifaq ölkələri üçün əlavə maliyyə yükünə səbəb olmaqla qaz idxalını azaltmaq istiqamətində effektiv olmayacaqdır. (Qeyd: Bəzi İttifaq ölkələri, o cümlədən Baltikyanı ölkələr (Latviya, Litva və Estoniya) fərdi qaydada Rusiyadan təbii qaz idxalını dayandırmaq qərarı vermişdir).

Avropa İttifaqının təbii qaz təchizatında Rusiyanın rolu

Təbii qaz Avropa İttifaqının enerji istehlakının təxminən dörddə birini təşkil etməklə istilik və elektrik enerjisi istehsalında və sənayedə istifadə olunur. İttifaqın təbii qaza tələbatı illik təxminən 400 milyard m3 bərabərdir. Qaz istehlakının 90%-ni idxal edən Aİ dünya üzrə ən böyük təbii qaz idxalçısıdır. Təbii qazın idxal edildiyi ölkələr sırasında əsas yeri Rusiya tutur. Cari ilə qədər Rusiya illik əsasda Aİ-yə 150-190 milyard m3 qaz ixrac etməklə İttifaqın təbii qaz tələbatının 40%-ə qədərini ödəyirdi (Rusiya həm də neft idxalının 27%-i və kömür idxalının 46%-ə cavabdeh idi). Digər idxal ölkələri sırasında Norveç, Əlcəzair, Qətər, ABŞ və Azərbaycan kimi ölkələr də var.

Mənbə: Avropa Komissiyası

2006 və 2009-cu illərin qışında müqavilə öhdəlikləri üzrə ödənişlərin icra edilməməsi səbəbindən Rusiyadan Ukrayna vasitəsilə Avropaya qaz nəqlinin müvəqqəti dayanmasının qaz təchizatında səbəb olduğu böhranlar daha əvvəl də Rusiyadan asılılığın azaldılması məsələsinə diqqəti yönəltmişdi. Bu böhranlardan nəticə çıxarmağa çalışan İttifaqın son onillikdə daxili enerji bazarının işini təkmilləşdirməsinə, yeni LNG terminalları və saxlanclar qurmasına və LNG idxalını artırmasına baxmayaraq yerli istehsalın azalması və idxala ehtiyacın artması fonunda Aİ-nin qaz təchizatında Rusiyanın rolu azalmamışdır. Əksinə, Avropa ölkələri tərəfindən qalıq yanacaqlardan istifadənin azaldılması istiqamətində kömürdən və bəzi ölkələrin (məsələn, Almaniya) nüvə enerjisindən imtinası və ətraf mühitə daha az zərərli enerji mənbəyi kimi təbii qazın İttifaqın alternativ enerji mənbələrinə keçid prosesində körpü kimi görülməsi enerji mənbələri içərisində təbii qazın və bununla da Rusiyadan idxalın rolunu gücləndirmişdir.

Fərqli Aİ ölkələri qaz təchizatının təmin edilməsində Rusiyadan fərqli dərəcədə asılıdırlar. Mərkəzi və Şərqi Avropa ölkələrində bu asılılıq daha yuxarı olub, 80 faiz və bəzi ölkələrdə 100 faiz (məsələn, Çexiya) ilə ölçülür. Aİ ökələri arasında Rusiyadan ən iri həcmli qaz alışını Almaniya həyata keçirir. Belə ki, Almaniya Rusiyadan illik 50 milyard m3 qaz idxal edir ki, bu da ölkənin ümumi qaz idxalının 55%-ini təşkil edir. Almaniyanın gündəlik əsasda Rusiyadan qaz idxalı üçün ödənişləri 200 milyon avroya bərabərdir. Almaniyada iqlim məqsədlərinə çatmaq üçün kömür istehsalının azaldılması, nüvə enerjisindən istifadənin mərhələli şəkildə dayandırılması və bu mənbələri əvəz edəcək kifayət qədər yaşıl enerjinin istehsal edilməməsi ölkənin təbii qaz istehlakını və öz növbəsində Rusiyadan asılılığı artırmışdır.

Almaniya ilə Rusiya arasında xüsusi enerji partnyorluğu hələ Sovet İttifaqı dövründə başlamışdır. 1970-ci ildəki barter razılaşmasına əsasən İttifaqdan Qərbi Almaniyaya təbii qaz ixrac edilir və əvəzi Almaniyadan Sovet İttifaqına metal boru ixracı ilə ödənilirdi. Bundan Rusiya Almaniyada uzun müddət stabil təchizatçı kimi qəbul edilir və Rusiyanın enerji şirkətləri Almaniyanın enerji infrastrukturunda yaxından iştirak edirdilər. Məsələn, hazırkı vaxtadək Almaniyada mövcud olan qaz saxlanclarının 30%-dən çoxu Rusiyanın “Qazprom” şirkətinin nəzarətindədir.

Son onilliklərdə formalaşmış bu enerji asılılığının qısa müddətdə aradan qaldırılması olduqca çətindir. Almaniyanın Kil İnstitutu Rusiyadan qaz təchizatının dayanmasının 2022 və 2023-cü illərdə ölkənin ümumi daxili məhsulunda 220 milyard avro və ya 6.5 faiz itkiyə səbəb olacağını proqnozlaşdırır. Rusiyadan idxal edilən qaz böyük ölçüdə sənayedə, xüsusən kimya sənayesi, metal və şüşə sənayesində istifadə olunur. Bu 3 sənaye sahəsində təxminən 1,5 milyon şəxs çalışır ki, Rusiyadan qaz təchizatının dayanması sözügedən sənaye sahələrində işsizliyi artıracaqdır.

Rus qazının alışının rublla həyata keçirilməsi

Qərb ölkələrinin iqtisadi sanksiyalarına qarşı cavab addımı kimi martın sonunda Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasına qeyri-dost xarici ölkələrə qaz satışı üçün ödənişlərin yalnız Rusiya banklarında açılmış rubl hesabları vasitəsilə Rusiya rublu ilə qəbul edilməsi ilə bağlı Fərman imzaladı. Bu tələb Avropa İttifaqı ölkələri tərəfindən maliyyə saksiyalarından yayınmaq üçün alət və ödənişlərin avro və ya ABŞ dolları ilə həyata keçirilməsinə dair mövcud müqavilə öhdəliklərinin pozuntusu kimi qiymətləndirildi və Avropa şirkətlərinin rublla ödəniş tələblərinə riayət etməyəcəyi elan edildi. Rusiya isə rublla ödəniş tələbinin yerinə yetirilmədiyi təqdirdə təbii qaz təchizatını birtərəfli qaydada dayandıracağını elan etdi. Bu qarşıdurma martın sonunda Avropa bazarında təbii qaz qiymətlərinin artmasına səbəb olsa da, aprelin əvvəlindən etibarən təchizatın davam edəcəyi ilə bağlı siqnallar qiymətləri stabilləşdirmişdi.

Sanksiyalar fonunda enerji ixracından əldə olunan gəlirlər Rusiyanın demək olar ki yeganə əsas gəliri olduğundan Rusiyanın enerji ixracını dayandırması ağlabatan olmasa da, Rusiya qaz alışlarının rubl ilə ödənilməsi tələbini yerinə yetirmədiyi üçün 27 aprel tarixində Polşa və Bolqarıstana qaz təchizatını dayandırdı. Sözügedən 2 ölkə Rusiyadan qaz idxalını azaltmağı planlaşdıran və idxal mənbələrinin diversifikasiyasına hazır olan ölkələr olduğundan Rusiyanın bu addımı əsasən digər əsas idxalçılara xəbərdarlıq addımı kimi qiymətləndirilirdi (Ümumilikdə təbii qaz Polşanın ümumi enerji tələbatının 18%-ni, Bolqarıstanın isə tələbatının 10-15%-ni təşkil edir). Lakin Rusiya 21 maydan etibarən Aİ üzvü olmayan digər bir Avropa ölkəsi Finlandiyaya, 1 iyundan isə Aİ üzvü Niderlanda, habelə Almaniya və Danimarkanın bəzi şirkətlərinə də ödənişlərin rublla həyata keçirilməməsi səbəbilə qaz ixracını dayandırmışdır.

Qeyd: Uzun illərdir Rusiyadan enerji asılılığından yaxa qurtarmağa çalışan Polşa mayeləşdirilmiş təbii qaz idxalı terminalı, ölkəni qonşu ölkələrlə birləşdirən çoxsaylı boru kəmərləri, həmçinin bu ilin oktyabrından fəaliyyətə başlaması gözlənilən Norveçlə sualtı boru kəməri (Polşaya illik 10 milyard kub metr təbii qaz təchiz edəcək) vasitəsilə alternativ mənbələrdən qaz idxalı ilə özünü təchiz etməyə hazırdır. Tikintisi 2022-ci ilin sentyabrında başa çatacaq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (İGB) boru kəməri isə Bolqarıstanı Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri ilə birləşdirməklə TAP vasitəsilə Azərbaycandan qaz idxalının artmasına, həmçinin Yunanıstandan daha çox LNG təchizinə imkan yaradacaqdır. 

Rusiyanın tələb etdiyi yeni mexanizmlə təbii qaz alıcısı olan şirkətlər “Qazprombank”da həm xarici valyuta, həm də rubl hesablarına malik olmalıdır. Müqavilə üzrə ödəniş əvvəlcə şirkətin “Qazprombank”dakı avro və ya dollar hesabına depozit kimi yerləşdirilməli və 48 saat ərzində rubla konvertasiya olunmaqla şirkətin rubl hesabına köçürülməlidir.

Avropa Komissiyasının 16 mayda sanksiyalara riayət edilməsi ilə bağlı yeni təlimatında enerji şirkətlərinin rubl hesabları açması və sözügedən mexanizmlə ödənişin həyata keçirilməsinin sanksiyalara zidd olmadığını elan etməsi ilə Avropanın enerji şirkətlərinə faktiki olaraq icazə verilmiş oldu. Rusiyanın Baş nazirinin birinci müavini Aleksandr Novakın maydakı açıqlamasına əsasən “Qazprom” ilə müqaviləsi olan 54 şirkətdən təxminən yarısı artıq “Qazprombank”da hesablar açmış və ödənişləri yeni mexanizmlə həyata keçirməyə hazırdır. Rusiyadan irihəcmli qaz idxalçısı İtaliyanın enerji şirkəti “Eni” və Almaniyanın enerji alıcıları “Uniper” və “VNG” şirkətləri də bu siyahıya daxildir.

Avropa İttifaqının yeni enerji strategiyası: “REPowerEU”

Cari ilin mayın 18-də Avropa Komissiyası daha dayanıqlı enerji sistemi qurmağı və Rusiyadan enerji asılılığını sürətlə azaltmağı hədəfləyən «REPowerEU» planını təqdim etdi. Plan enerji istehlakının azaldılması, bioqaz, biometan və hidrogenin yerli istehsalı və qaz infrastrukturuna məhdud əlavələr edilməklə Rusiyadan enerji asılılığına son qoyulmasının mümkünlüyünə əsaslanır və aşağıdakı 5 əsas istiqamətdə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:

(i) Enerjiyə qənaət – orta və uzunmüddətli dövrdə enerji səmərəliliyinin artırılması, o cümlədən yaşayış binalarının isitmə sistemlərinin səmərəliliyinin yüksəldilməsi və qısamüddətli dövrdə əhali və bizneslərin davranışlarını qənaət yönündə dəyişməsi ilə enerji istehlakının azaldılması (Plandakı hesablamalara əsasən əhali tərəfindən evlərdə enerjiyə qənaət 2022-ci ildə 15.5 milyard m3 təbii qazı əvəz edə bilər);

(ii) Enerji mənbələrinin diversifikasiyası – qaz, LNG və hidrogenin İttifaq ölkələri tərəfindən könülü əsasda birgə alışlarını həyata keçirmək üçün yaradılmış İttifaqın Enerji Platforması vasitəsilə tələbatın strukturunun müəyyən edilməsi, qaz idxalı, saxlancı və ötürülməsi infrastrukturunun optimallaşdırılması, qaz və hidrogen alışı üzrə etibarlı tərəfdaş ölkələrlə uzunmüddətli əməkdaşlıq sazişərinin imzalanması, təchizatın diversifikasiyası imkanlarının qiymətləndirilməsi və müqavilələr ilə bağlı məsələlərin koordinasiyası, LNG ticarəti ilə bağlı məsləhətçi qrupun yaradılması;

(iii) Bərpaolunan enerjiyə sürətli keçid – qalıq yanacaq idxalının və elektrik enerjisi qiymətlərinin azalmasına imkan verəcək sürətli keçidin təmin edilməsi üçün hidrogen və biometan istehsalının artırılması, İttifaqın günəş enerjisi strategiyasının və müəyyən kateqoriyalı binalar üçün günəş enerjisi panellərinin quraşdırılmasının məcburiliyini nəzərdə tutan tənzimləmənin qəbulu, külək enerjisi sektorunun rəqabət qabiliyyətinin artırılması, günəş, külək və termal enerji texnologiyaları üzrə dəyər zəncirlərinin gücləndirilməsi, icazə sisteminin sadələşdirilməsi və digər tədbirlər (Qeyd: Plandakı hesablamalara əsasən külək və günəş enerjisindən istifadənin artırılması 2022-ci ildə 20 milyard m3 təbii qazı əvəz edə bilər);

(iv) “Ağıllı” investisiyalar – Planın icrası üçün 2027-ci ilə qədər tələb olunan əlavə 210 milyard avro investisiya üzrə ümumi maraqlara xidmət edən (Projects of Common Interest) mövcud layihələrin tamamlanması və əlavə ehtiyacların, xüsusən Mərkəzi və Şərqi Avropada və Almaniyanın şimalındakı ehtiyacların ödənilməsi üçün yeni infrastrukturun qurulmasına (o cümlədən, Cənub Qaz Dəhlizinin gücləndirilməsi) məhdud sayda yeni investisiyaların yatırılması, enerji qiymətlərinin volatilliyini azaltmaq və qiymətləri nəzarətdə saxlamaq, həmçinin aşağı gəlirli əhaliyə və kiçik bizneslərə dəstək üçün vəsaitlərin ayrılması;

(v) Hazırlığın gücləndirilməsi – təchizatın pozulması riskinə qarşı hazırlığı artırmaq üçün yay müddətində saxlancların lazımi səviyyəyə qədər doldurulması, qısamüddətli dövrdə enerjiyə qənaət tədbirlərinin tətbiqi, ehtiyat planlarının yenilənməsi, qonşu İttifaq ölkələri ilə ikitərəfli həmrəylik sazişlərinin (solidarity agreements) imzalanması və enerji ötürücü sistemlərin texniki cəhətdən hazır vəziyyətdə (əks axın həyata keçirmək üçün) olması.

 

İttifaqın təbii qaz saxlanclarının səviyyəsi və saxlancların doldurulması üçün yeni mexanizm

Avropa Qaz İnfrastrukturu təşkilatının (Gas Infrastructure Europe) məlumatlarına əsasən İttifaq üzrə saxlanclar cari ilin 18 iyun tarixinə təxminən 53 faiz səviyyəsində doludur. Avropa Komissiyasının saxlancların məcburi doldurulması ilə bağlı təklifi növbəti qışa hazırlıqlı olmaq üçün 1 noyabradək saxlancların minimum 80% dolu olması, növbəti ildən isə bu faizin 90%-ə qaldırılmasını nəzərdə tutur. Təbii qaz saxlancları İttifaqda qış ərzində istifadə olunan qazın 25-30%-ni təmin edir. İttifaqın 27 üzv ölkəsindən 17-si saxlanclara malikdir ki, ən iri saxlanclar Almaniya, İtaliya, Fransa və Niderland ərazisindədir. Saxlancların yerləşdiyi ölkələr onların üzərinə daha böyük maliyyə yükü düşməsindən narahatdırlar.

Bu yükün paylaşdırılması üçün Komissiyanın təklifi 2 alternativ mexanizm nəzərdə tutur: (i) ərazisində saxlanc olmayan ölkələrin öz illik təbii qaz istifadəsinin 15 faizini digər üzv ölkələrdəki saxlanclardan alması və ya (ii) ərazisində saxlanc olmayan ölkələrin digər üzv ölkələrdəki saxlancların doldurulmasına maliyyə dəstəyini nəzərdə tutan birgə mexanizm. Təkliflə bağlı Avropa Şurası və Parlamenti artıq ilkin razılığa gəlib. Bununla belə, təcrübədə saxlancların istifadəsi zamanı İttifaq ölkələri arasında fikir ayrılıqları yaranması, təchizatın dayanması halında daha çox ehtiyata malik olan ölkələrin həmin ehtiyatları digər Aİ üzvləri ilə bölüşməkdən imtina etməsi riski mövcuddur.

2022-ci ilin 24 fevralından etibarən Rusiyanın Ukrayna ərazisində başladığı hərbi əməliyyatlar Avropa İttifaqının Rusiyadan enerji asılılığını, xüsusən təbii qaz təchizatında Rusiyanın vacib rolunu bir daha gündəmə gətirdi. Müharibənin ilk günlərindən enerji qiymətlərində artım və təchizatın dayanması riskləri İttifaqın enerji, o cümlədən qaz təchizatı çatışmazlıqları ilə üzləşməsi vəziyyətini mümkün edirdi. Hadisələrin belə gedişatı Avropa İttifaqını mövcud enerji siyasətini yenidən gözdən keçirməyə və qaz təchizatı mənbələrinin Rusiyadan diversifikasiyası istiqamətində təcili addımlar atmağa sövq etmişdir.

İki hissədən ibarət bu məqalənin hazırkı ikinci hissəsində (birinci hissəyə keçid bu linkdədir) İttifaqın qaz idxalı mənbələrinin diversifikasiyası, o cümlədən Norveç, Yaxın Şərq və Xəzər hövzəsi ölkələrindən boru kəmərləri vasitəsilə təbii qaz idxalının və ABŞ, Yaxın Şərq və Afrika ölkələrindən mayeləşdirilmiş təbii qaz (LNG) idxalının artırılması imkanları və İttifaqın bu istiqamətdə apardığı işlər müzakirə edilir.

Qaz idxal mənbələrinin diversifikasiyası alternativləri

Rusiya qazını qısa müddətdə tamamilə əvəz etmək mümkün görünməsə də, Avropa İttifaqı hazırda enerji istehlakının yerli və xarici mənbələr hesabına ödənilməsini təmin etmək üçün tədbirlər görür. İttifaq ölkələri ərazisində alternativ enerji mənbələri, o cümlədən hidrogen istehsalının artırılması, nüvə enerjisi istehsal edən stansiyaların bərpası və yeni stansiyaların tikintisi, kömürdən imtinanın müddətli təxirə salınması, Niderlandda Groningen yatağından təbii qaz hasilatının artırılması hesabına tələbatın bir hissəsinin ödənilməsi planlaşdırılsa da, yaxın dövrdə təchizat çətinliklərinin qarşısını almaq üçün Aİ-nin əsas çıxış yolu fərqli mənbələrdən daha çox təbii qaz idxalıdır.

Təbii qaz idxalı mənbələrinin diversifikasiyası isə neft və digər yanacaqlar ilə müqayisədə daha çətindir. Belə ki, tankerlərlə daşınan neftdən fərqli olaraq qazın mənşə ölkəsindən təyinat ölkəsinə çatdırılması üçün infrastruktur – həmin ölkələri birləşdirən boru kəməri və ya mayeləşdirilmiş qazın ixracı və qəbulu üçün LNG terminalları mövcud olmalıdır. Boru kəməri infrastrukturunun artıq mövcud olduğu ölkələrdən qaz çatdırılması əsasən kəmərlərin maksimum gücünə yaxın olduğundan hazırda idxal ölkələri ilə bu kəmərlərin genişləndirilməsi və ya yeni kəmərlərin tikintisi və təchizatın müvafiq olaraq artırılması barədə razılığa gəlinməsi, LNG idxalına münasibətdə isə yeni təchizatçıların tapılması, mövcud idxal ölkələrindən təchizatın artırılması və LNG terminallarının qurulması Avropa İttifaqının diversifikasiya siyasətinin əsas istiqamətləridir.

Boru kəmərləri vasitəsilə təbii qaz idxalı 

Əlcəzair

Əlcəzair Aİ tərəfindən boru kəməri vasitəsilə təbii qazın idxalı üçün əsas alternativlərdən biri kimi görülür. Qeyd edək ki, son dövrlərdə təbii qaza yerli tələbatın artması, infrastruktura investisiya qoyuluşunun azalması və siyasi qeyri-sabitlik Əlcəzairdən Avropaya təbii qaz ixracının azalmasına səbəb olmuşdu. Eyni zamanda, ötən ilin noyabrında Əlcəzair Mərakeşlə olan problemlər səbəbindən əsas qaz təchizatçısı olduğu Aİ ölkələrindən biri İspaniyaya qaz nəql edən iki boru kəmərindən birinin – Məqrib-Avropa qaz kəmərinin fəaliyyətini dayandırmışdı. Əlcəzairdən digər boru kəməri Medqaz-ın tutumunun artırılması vasitəsilə Aİ-yə qaz ixracının yüksəldilməsi mümkün olsa da, bunun üçün Əlcəzairin mövcud ehtiyatlarının işlənməsi prosesi sürətlənməlidir. Buna baxmayaraq, İtaliya artıq Trans-Aralıq dənizi boru kəməri (TransMed) vasitəsilə Əlcəzairdən qaz idxalının 40%-ə qədər artırılması ilə bağlı razılıq əldə edib. Qaz idxalının həcmi 2022-ci ildən başlayaraq mərhələli şəkildə artmaqla Əlcəzairdən illik olaraq əlavə 9 milyard m3 qaz İtaliyaya göndərilməlidir.

Həmçinin, tikintisi davam etdirilən və dəyəri 21 milyard ABŞ dolları olan Nigal qaz kəməri layihəsinin reallaşması Nigeriya və Nigerdən keçməklə il ərzində 30 milyard m3 təbii qazın Əlcəzairə nəqlini və buradan mövcud infrastrukturla Avropaya ixracını mümkün edəcəkdir.

Norveç

Dünyanın 7-ci ən böyük qaz istehsalçısı və 3-cü ən böyük təbii qaz ixracatçısı olan Norveç 2021-ci ildə Avropaya 113.2 milyard m3 təbii qaz ixrac etməklə İttifaqın Rusiyadan sonra ikinci əsas təchizatçısı olmuşdu. 2022-ci ildə bu rəqəmin 122 milyard m3 olması proqnozlaşdırılır.

Cari ilin martında Norveçin enerji şirkəti Equinor Avropa bazarında qiymət artımı və təchizat qıtlığını kompensasiya etmək üçün Aİ ərazisinə ixracı artırmağa və bunun üçün istehsalın artımına (2022-ci ildə ən azı əlavə 1.4 milyard m3) hazır olduğunu elan etmişdir. Bununla yanaşı, apreldən etibarən inşası davam etdirilən və 2023-cü il 1 yanvarda tam istifadəyə verilməsi gözlənilən Baltik kəməri vasitəsilə Norveçdən Polşaya illik 10 milyard m3 qaz çatdırılması nəzərdə tutulur.

Lakin Norveçin mövcud qaz yataqları maksimum istehsal gücünə yaxın səviyyədə çalışdığından ekspertlər həmin yataqlar hesabına istehsalın dramatik artımına nail olmağın mümkün olmadığı qənaətindədirlər. Siyasi partiyalar arasında fikir ayrılıqları isə yeni quyuların istismarı hesabına qaz hasilatının artımı planlarının qarşısını ala bilər.

Azərbaycan

Avropa İttifaqının və xüsusən İttifaqın Cənub-Şərqi Avropa hissəsinin Rusiya qazına alternativ axtarışlarında üz tutduğu mənbələr içərisində ölkəmizin də adı yer alır.

Azərbaycandan Avropa İttifaqı ölkələrinə qaz ixracı Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilir. Şah Dəniz yatağından hasil olunan qazı Avropa ərazisinə çatdıran Cənub Qaz Dəhlizi ümumi uzunluğu 3.500 km olan 3 əlaqəli boru kəmərindən: Azərbaycan və Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz boru kəməri (SCP), Türkiyə ərazisindən keçən Trans-Anadolu boru kəməri (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyada başa çatan Trans Adriatik boru kəmərindən (TAP) ibarətdir.

Sözügedən dəhliz vasitəsilə 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan Avropa İttifaqı ölkələrinə təxminən 2.8 milyard m3 həcmində təbii qaz ixrac etmişdir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Azərbaycanın qaz ixrac etdiyi Aİ ölkələri İtaliya, Yunanıstan və Bolqarıstandır. Aİ-yə ixrac olunan qazın əsas hissəsi, məsələn 2021-ci il üzrə təxminən 86%-i İtaliyanın payına düşür. Ümumilikdə isə Aİ-yə ixrac olunan təbii qaz Azərbaycanın ümumi təbii qaz ixracının 2021-ci il üzrə 35%-ni, 2022-ci ilin ilk 4 ayı üzrə isə 38%-ni təşkil etmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin məlumatına əsasən, Avropaya 2022-ci ildə ötən il ilə müqayisədə 30% daha çox – 10.5 milyard m3 təbii qazın nəqli proqnozlaşdırılır.

 

Mənbə: Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hesablamalar

Aİ-nin mövcud diversifikasiya siyasəti fonunda Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı daha əvvəldən mövcud olan planların reallaşması istiqamətində iş aktivləşmişdir. Belə ki, yuxarıda barəsində danışılan REPowerEU planında Cənub Qaz Dəhlizinin gücünün artırılmasının Cənub-Şərqi Avropa və Qərbi Balkanların qaz təchizatında böyük rola malik olacağı qeyd edilir və Dəhlizin Avropa hissəsi olan TAP-ın genişləndirilməsinə əlavə investisiya ayrılması Planın tərkib hissəsi kimi göstərilir. Qeyd edək ki, bundan daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev cari ilin aprelin sonunda “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı TAP-ın potensialının 10 milyard m3-dən 20 milyard m3-ə qədər artırılmasının mümkün olduğunu, bunun üçün əlavə investisiyalar və vaxtın tələb olunduğunu bildirmişdi.

Prezident həmçinin Azərbaycan qazına artan tələbatı ödəmək üçün “Abşeron”, “Ümid” və digər yataqlar hesabına təbii qaz hasilatının artırılması, hasilatda itkilərin azaldılması, fəaliyyətin optimallaşdırılması və şəffaflaşdırılması, habelə alternativ enerji mənbələrindən istifadə vasitəsilə qənaət olunan təbii qazın ixraca yönəldilə biləcəyini vurğulamışdır.

Eyni zamanda qeyd etmək lazımdır ki, ötən ilin noyabrında Azərbaycan, Tükmənistan və İran arasında imzalanmış və 2022-ci ilin əvvəlindən tətbiq olunan swap sazişinə əsasən illik 1.5 – 2 milyard m3 qazın İran vasitəsilə Türkmənistandan Azərbaycana ixracı nəzərdə tutulur. İyunun əvvəlində Azərbaycan və İran arasında qeyd olunan qaz həcminin 2 dəfə artırılması ilə bağlı Anlaşma Memorandumu qəbul edilmişdir. Swap sazişi üzrə idxal olunan qazın yerli tələbatın ödənilməsinə yönəldilməsi və əvəzində yerli təbii qazın Türkiyə və ya Avropaya ixracı mövcud alternativlər sırasındadır.

Həmçinin, hazırda Türkmənistandan Azərbaycana təbii qazın planlaşdırılan Trans-Xəzər qaz kəməri vasitəsilə birbaşa ixracının həyata keçirilməsi istiqamətində tərəflər arasında danışıqların aparıldığı bildirilir. Layihə reallaşacağı təqdirdə əldə olunan əlavə qazın Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə və Avropaya ixracı mümkündür. Lakin, Azərbaycan tərəfi Avropaya qaz ixracının artırılması üçün ilk öncə infrastruktur layihələrinin maliyyələşdirilməsindəki çətinliklərin aradan qalxmasını və investisiya ehtiyaclarının qarşılanmasını vacib hesab edir.

Mayeləşdirilmiş təbii qaz (LNG) idxalı 

Mayeləşdirilmiş təbii qaz (LNG) və əsas təchizatçıları

Mayeləşdirilmiş təbii qaz – LNG (Liquified Natural Gas) saxlanılması və daşınmasını asanlaşdırmaq üçün təbii qazın −162°C dərəcədə soyudularaq maye halına salınmış vəziyyətidir. Qaz halından 600 dəfə az həcmə malik olan LNG əsasən xüsusi dizaynlı və soyutma sistemli gəmilər və tankerlər vasitəsilə su yolu ilə, habelə xüsusi konteynerlər vasitəsilə quru və dəmir yolu ilə daşına bilər. Bir qayda olaraq, mənşə ölkəsində mayeləşdirilən təbii qaz LNG şəklində təyinat ölkəsinə nəql edilir və təyinat ölkəsində yenidən qazlaşdırılaraq yerli qaz şəbəkələrinə ötürülməklə istifadə olunur. Bu səbəbdən LNG ticarəti üçün həm ixrac ölkəsində, həm də idxal ölkəsində mayeləşdirmə və qazlaşdırmanı həyata keçirmək üçün müvafiq infrastrukturun mövcudluğu şərtdir.

Dünya üzrə ümumilikdə 20-dən çox ölkə mayeləşdirilmiş təbii qaz ixrac edir ki, onların içərisində ən iri təchizatçılar Avstraliya, Qətər və Amerika Birləşmiş Ştatlarıdır. Qurulmaqda olan və ya planlaşdırılan əlavə potensiala gəldikdə isə ABŞ digər ölkələrdən daha öndədir. Belə ki, ABŞ-da 31.5 milyon tonluq tikintisi davam edən, 278.7 milyon tonluq isə planlaşdırılan əlavə LNG infrastrukturu var.


Mənbə: Statista.com

 

Avropa İttifaqının artan LNG idxalı

Bruegel Araşdırma mərkəzinin hesablamalarına görə, 2022-ci ilin ilk 2 ayında Avropa İttifaqının Rusiyadan qaz idxalındakı təxminən 2 dəfə azalma LNG idxalının, xüsusən ABŞ-dan LNG idxalının 2 dəfədən çox artması ilə əvəz edilmişdir. Xüsusən yanvar ayında LNG-nin Avropa İttifaqına rekord həddə – 16 milyard m3 idxalı qeydə alınmışdır. Müqayisə üçün qeyd edək ki, İttifaqın 2021-ci il üzrə ümumi LNG idxalı 80 milyard m3 təşkil etmişdi. İttifaq ölkələri arasında əsas LNG idxalçıları İspaniya, Fransa, İtaliya, Niderland və Belçika, əsas idxal ölkələri isə ABŞ və Qətərdir.

 

Mənbə: Bruegel

 

ABŞ

Avropa İttifaqına ABŞ-dan ilk dəfə LNG idxalı 2016-cı ildə baş tutmuşdur. 2018-ci il iyul tarixli Birgə Bəyannamədə Avropa İttifaqının ABŞ-dan daha çox LNG idxal etməsi ilə bağlı müddəanın yer almasından sonra idxalda artım müşahidə olunmuş, 2021-ci ildə Avropa İttifaqına ixrac 12 milyard avro dəyərində 22 milyard m3 olmaqla ABŞ-ın ümumi LNG ixracının 23%-ni təşkil etmişdir.

2021-ci ilin sonu və 2022-ci ilin əvvəlində isə böhran vəziyyəti ABŞ-dan LNG idxalını xüsusən artırmışdır. Ötən ilin dekabrında İttifaqın LNG təchizatı məhz Asiya bazarları üçün nəzərdə tutulan ABŞ LNG tankerlərinin Avropaya yönəldilməsi hesabına təmin edilmişdi. 2022-ci ilin ilk 4 ayında ABŞ-dan Aİ-yə ixrac ABŞ-ın ümumi LNG ixracının 3/4-nü təşkil etməklə  (2021-ci ilin müvafiq dövründə 1/3) ölkəni Aİ-nin əsas LNG təchizatçısına çevirmişdir. Bu artım ABŞ-ın mövcud təchizatın ixrac coğrafiyasını dəyişməsi və Asiyaya ixracı 2 dəfə azaltması hesabına baş verir. LNG ixracının təyinat nöqtəsinin dəyişməsinə səbəb Avropa bazarında qiymətlərin Asiya spot bazarlarından daha yüksək olması, Asiya ilə müqayisədə Amerikadan Avropaya marşrut daha qısa olduğundan LNG tankerlərinin daha çox səfər yerinə yetirə bilməsi, həmçinin siyasi və strateji motivlərdir.

2022-ci il mart tarixli Enerji Təhlükəsizliyi ilə bağlı Birgə Bəyannaməyə uyğun olaraq, Avropa İttifaqı cari il ərzində ABŞ-dan planlaşdırılandan əlavə ən az 15 milyard m3 LNG idxalını və ümumilikdə 2030-cu ilə qədər illk 50 milyard m3 LNG idxalını reallaşdırmağı hədəfləyir. Bu hədəflərin həyata keçməsi ABŞ-ı İttifaqın ən iri qaz təchizatçılarından birinə çevirmək və İttifaqın Rusiyadan enerji idxalını dayandırmaq cəhdlərinin əsas benefisiarı etməklə Avropa bazarında Rusiyanın dominant yerini ABŞ-ın tutması ilə nəticələnə bilər.

Qətər

Ən böyük LNG təchizatçılarından biri olan Qətərin LNG ixracının təxminən 80%-i Asiya ölkələrinə, xüsusən Cənubi Koreya, Hindistan, Çin və Yaponiyaya təchiz edilir. Avropaya ixrac isə Qətərin LNG ixracının təxminən 15%-ni təşkil edir. Hazırda Aİ ölkələri içərisində Qətərdən əsas LNG alıcısı İtaliyadır.

Qətərdən LNG idxalına artan maraq fonunda mart ayında Qətərin enerji naziri CNN xəbər xidmətinə müsahibəsində Rusiyanın Avropaya qaz təchizatını tamamilə dayandırmağın və onu əvəz etməyin qeyri-mümkün olduğunu, Qətərin Avropanın ehtiyaclarını təmin etmək üçün kifayət qədər qaz ehtiyatlarına malik olmadığını, lakin gələcəkdə bunun mümkün ola biləcəyini bildirmişdi.

Mayın 20-sində Aİ-nin ən böyük qaz idxalçısı Almaniya ilə Qətər arasında Enerji tərəfdaşlığı haqqında bəyannamə imzalanmış və Qətərin 2024-cü ildən etibarən Almaniyaya LNG təchiz etməsi ilə bağlı razılıq əldə edilmişdir. Qətərin Şimal Yatağının genişləndirilməsi layihəsi (layihə Qətərin illik LNG istehsalı gücünü 110 milyon tona çatdıracaq (2021-ci ildə bu rəqəm 77 milyon olmuşdur)) hesabına mövcud alıcılarla yanaşı Almaniyanın LNG tələbatını və ümumilikdə ölkənin qaz tələbatının 20-25%-ni ödəmək gücündə olduğu bildirilir. İtaliya ilə Qətər arasında təchiz olunan LNG həcminin artırılması ilə bağlı martın əvvəlindən başlayan danışıqlar nəticəsində İtaliyanın “Eni” enerji şirkətinin sözügedən Şimal Yatağının genişləndirilməsi layihəsində tərəfdaş (25% payla) kimi iştirakı ilə bağlı razılığa gəlinmişdir.

Yaxın Şərq və Afrika ölkələri

Yaxın Şərq regionunda İsrail və Misirdən LNG idxalının artırılması da İttifaqın diqqət mərkəzindədir. Bu yaxınlarda İsrailin Misirdəki LNG infrastukturdan istifadə etməklə Avropa İttifaqına qaz ixracı həyata keçirməsi ilə bağlı üçtərəfli Anlaşma Memorandumu imzalanmışdır. İlkin razılığa əsasən İsraildən Misirə Ərəb Qaz Boru kəməri vasitəsilə qazın ixracının artırılması, həmin qazın Misirdə mayeləşdirilməsi və LNG şəklində Avropaya ixracı nəzərdə tutulur. İsrail alternativ olaraq üzən LNG terminalı alınması da nəzərdən keçirir.

Qeyd: İsraildən həmçinin Kipr vasitəsilə Yunanıstana qaz nəqlini nəzərdə tutan və hazırda planlaşdırma mərhələsində olan (2027-ci ildə istifadəyə verilə biləcəyi gözlənilir) Şərqi Aralıq Dənizi (East-Med) boru kəməri ilə Avropaya illik 9-12 milyard m3 təbii qaz çatdırılması planlaşdırılır.

Şərqi Aralıq dənizi regionunda qaz ticarəti habına çevrilmək istəyində olan Misir də həm yerli təbii qaz ixracı, həm də idxal olunan qazın LNG şəklində ölkədə mövcud olan 2 LNG terminalı vasitəsilə təkrar ixracı hesabına Avropaya ixracı artırmaq niyyətindədir. Misir Aİ ilə boru kəməri ilə əlaqələnmədiyi üçün təbii qaz ixracının hazırda yeganə mümkün yolu qazın LNG şəklində ixracıdır.

Qərbi Afrika ölkələrindən, xüsusən Seneqal, Nigeriya və Anqoladan Avropaya LNG və hidrogen idxalı ilə bağlı da ilkin danışıqlar aparılır. Almaniya Kansleri Olaf Şolzun Afrikaya səfəri zamanı birgə qaz və bərpa olunan enerji hasilatı, habelə LNG idxalı ilə bağlı Seneqal ilə ilkin danışıqlar aparılmışdır. Nigeriyadan İttifaq ərazisinə LNG idxalının artırılması imkanları ilə bağlı da danışıqlar davam edir. Qeyd edək ki, Nigeriya 2021-ci ildə əsasən İspaniya, Portuqaliya və İtaliyaya olmaqla ümumilikdə Avropaya 12.6 milyard m3 LNG ixrac edib ki, bu rəqəmin mümkün ixrac potensialından xeyli aşağı olduğu deyilir.

Bununla yanaşı, aprel ayında İtaliyanın enerji şirkəti “Eni” Misirdə və Konqoda qaz istehsalını və bu ölkələrdən Avropaya, xüsusən İtaliyaya LNG ixracını artırmaq ilə bağlı sözügedən ölkələrin hökumətləri ilə, həmçinin bərpa olunan enerji və LNG ilə bağlı birgə layihələrə dair Anqola ilə razılığa gəlmişdir.
Avropada LNG infrastukturu çatışmazlığı

Avropa İttifaqının ümumi LNG idxal qabiliyyəti 157 milyard m3 (qazlaşdırılmış halda) civarında olsa da, LNG idxalı üçün lazım olan infrastrukturun İttifaq ölkələri arasında bölgüsü bərabər deyildir. 2022-ci ilin  aprelinə olan məlumatlara əsasən Avropa İttifaqı ərazisində 21 işlək LNG terminalı var ki, bu terminalların böyük əksəriyyəti İspaniya, Fransa və İtaliya ərazisində yerləşir. LNG idxal terminalları və maye qaz bazarlarına çıxışı olan həmin ölkələr mümkün təchizat qırılmalarına daha dözümlüdürlər.

Cənub-şərqi, Mərkəzi və Şərqi Avropa ölkələrində isə LNG infrastrukturu zəifdir və ya ümumiyyətlə mövcud deyil. Sözügedən regionlarda yalnız Polşa, Litva və Xorvatiyada LNG terminalı mövcuddur. Eyni zamanda, LNG-nin qəbul edildiyi və qazlaşdırıldığı terminallardan digər Aİ ölkələrinə ötürülməsi üçün də boru kəməri infrastrukturu çatışmır. Məsələn, Pireney yarımadası LNG idxal terminalı habı olsa da, buradan qazın Avropanın digər hissələrinə çatdırılması üçün kifayət qədər infrastruktur yoxdur.

Hazırda Aİ ərazisində 24 yeni LNG terminalınını tikintisi planlaşdırılır. Lakin terminalların tikintisi və fəaliyyətə başlaması böyük vaxt və xərc tələb edir. Belə ki, bir terminalın tikintisinə 3-5 ilə qədər vaxt və təxminən bir neçə yüz milyon avro sərf olunmalıdır. LNG idxalı üçün yeni infrastrukturun, o cümlədən daimi terminallar və üzən saxlama və qazlaşdırma qurğuları, habelə LNG-nin digər ölkələrə çatdırılması üçün boru kəmərlərinin tikintisi layihələrinin təsdiqinin sürətləndirilməsi və maliyyə mənbələrinin tapılması üçün Komissiya və üzv dövlətlər tərəfindən iş aparılır.

Qeyd edək ki, Rusiya qazından asılılığı yüksək olan Aİ-nin ən böyük iqtisadiyyatı Almaniyanın öz LNG terminalı yoxdur. Almaniya hazırda Belçika, Fransa və Niderlanddakı terminallardan istifadə edir ki, bu da onun LNG idxal imkanlarını məhdudlaşdırır. Hazırda Almaniyada dördə qədər yeni daimi LNG terminalının tikintisi planlaşdırılır. Terminallarından birinin 8 milyard m3 tutuma malik olmaqla Almaniyanın Brunsbuettel liman şəhərində tikilməsi və 2026-cı ilə qədər istifadəyə verilməsi gözlənilir. 12 milyard m3 tutuma malik olacaq Stade terminalının da 2026-cı ildə fəaliyyətə başlaması planlaşdırılır. 2020-ci ildə inşasına başlanılan və 2022-ci ilin fevralından etibarən işlərin davam etdirildiyi Wilhelmshaven LNG terminalının isə 2025-ci ildə tamamlanması və illik tutumunun 10 milyard m3 olması gözlənilir. Almaniya həmçinin apreldə Şimal dənizi və Baltik dənizi limanlarında yerləşdirilməsi üçün üzən LNG terminallarının icarəsinə 3 milyard avro ayırmışdır.

Yekun

Göründüyü kimi, Rusiya-Ukrayna münaqişəsinin səbəb olduğu real təchizat problemləri, qiymət artımı və qaz idxalının Rusiyadan diversifikasiyası yönündə siyasi iradə Avropa İttifaqının həm boru kəməri vasitəsilə təbii qazın, həm də LNG idxalının artırılması ilə bağlı çoxsaylı alternativləri nəzərdən keçirməsinə səbəb olmuşdur. Bu alternativlərin təchizata təsirini qısa müddətli və orta və uzun müddətli dövrlərdə qiymətləndirmək mümkündür.

Qısa müddətli dövrdə – planlaşdırılan və ya tikintisi aparılan bir çox infrastruktur layihələrinin, o cümlədən boru kəməri və LNG infrastrukturunun tikintisinin tamamlanması üçün illər tələb olunduğundan bu layihələrin qısa müddətdə Aİ-nin qaz təchizatı problemlərinə kömək edəcəyi real görünmür. Üstəlik enerji keçidinin sürətləndirilməsi narrativi səbəbilə qalıq yanacaqların hasilatı sənayesinə investisiyaların azalması və maliyyə institutlarının yeni enerji layihələrinə kredit ayırmaqdan çəkinməsi ilə bağlı yeni layihələrin reallaşdırılması üçün maliyyə resurslarının və əlavə investisiyaların cəlb edilməsi ilə problemlər mövcuddur ki, bu da layihələrin ləngiməsinə səbəb ola və ya reallaşmasını sual altında qoya bilər.

Sözügedən narrativ son illərdə enerji təhlükəsizliyini arxa plana atmaqla Avropanın hazırkı böhranında müəyyən paya malikdir. Hazırda isə böhran səbəbilə İttifaqın bəzi ölkələrinin nüvə və kömür istehsalına geri qayıtmaq niyyəti, təbii qaz idxalı üçün qalıcı infrastrukturların tikintisi planları bərpaolunan enerjiyə keçidə və İttifaqın ətraf mühitin qorunması hədəflərinə çatmaq istiqamətində geri addım kimi dəyərləndirilə bilər. Bu baxımdan, İttifaqın mövcud vəziyyətdə enerji təhlükəsizliyi və eneji keçidi prioritetlərini necə balanslaşdıracağı maraq doğurur.

Müharibənin davam etməsi ilə Rusiyanın qaz təchizatını azaltması və ya Rusiyadan qaz idxalına qarşı sanksiyaların tətbiqi halında qısa müddətdə təchizatın təmin edilməsi və saxlancların səviyyəsinin artırılması üçün mövcud infrastruktur və üzən LNG terminallarından istifadə hesabına LNG idxalının artırılması daha ağlabatan görünür. Lakin burada LNG bazarlarının maksimum gücünə yaxın səviyyədə çalışması, əlavə tələbatın ödənilməsi üçün təchizatın çatışmaması səbəbindən mövcud təchizat uğrunda rəqabətin artması (əsasən Şərqi və Cənubi Asiya ölkələri ilə) və xüsusən payız və qış dövrlərində qiymətlərin dramatik səviyyədə yüksəlməsi gözləniləndir. Bu isə öz növbəsində lazımi təchizatın əldə edilməsində çətinliklərə və Aİ ölkələrinin əvvəlki illərlə müqayisədə təbii qaza daha çox maliyyə sərf etməsinə gətirib çıxaracaqdır.

Orta və uzun müddətli dövrdə – hazırda planlaşdırılan və ya tikintisi aparılan infrastruktur layihələrinin hazır olacağı və fəaliyyətə başlayacağı dövrdə Avropada təbii qaza tələbatın hazırkı kimi yuxarı səviyyədə olmaması riski mövcuddur. Belə ki, Aİ üçün prioritet olan bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi gələcəkdə qalıq yanacaq infrastrukturlarının istifadəsiz qalmasına səbəb ola bilər. Layihələrin əksəriyyətinin 2025-26-cı illərdə yekunlaşıb fəaliyyətə başlaması planlaşdırılır ki, həmin vaxtadək Avropada enerji keçidinin hansı mərhələdə olacağını və qalıq yanacaqlara tələbatın səviyyəsini proqnozlaşdırmaq çətindir. İstehsalçı ölkələr və investorlar bu cəhətdən yeni layihələr üzrə risklərin qiymətləndirilməsində xüsusən diqqətli olmalıdırlar.

Digər tərəfdən, təbii qaz idxalının artırılması üçün nəzərdə tutulan çoxsaylı layihələrin reallaşması, alternativ enerji istehsalının artırılması, həmçinin Rus qazının Avropa bazarını tərk etməməsi və ya müharibədən sonra bazara geri qayıtması Avropa və dünya bazarlarında qaz təchizatının artıqlığının yaranmasına və qiymətin istehsalçı ölkələrin maraqlarına zidd olan şəkildə enməsinə səbəb ola bilər. Bu baxımdan, istehsalçı ölkələr hazırda yaranmış fürsətləri tez bir zamanda dəyərləndirməyə çalışmaqla bərabər neft hasilatı ilə olduğu kimi təbii qazda da hasilat normalarının artırılmasında ehtiyatlı davranmalıdırlar.

Son xəbərlər
Digər xəbərlər