Aİ Rusiya neftinə tətbiq olunan qiymət tavanını dondurmağı təklif edib

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen iyunun 9-da bildirib ki, Avropa İttifaqı Rusiya neftinə tətbiq olunan qiymət tavanını dondurmağı təklif edəcək.

Avropa rəsmilərinin fikrincə, bu addım İranın Hörmüz boğazını bağlaması nəticəsində neft qiymətlərinin yüksəlməsindən Rusiyanın faydalanmasının qarşısını ala bilər.

Rusiyaya qarşı Aİ-nin 21-ci sanksiyalar paketini təqdim edən fon der Lyayen bildirib ki, “neft qiymətlərinə dair tənzimləmə mexanizmimiz bazar şərtlərinə uyğunlaşdırılmış daxili korrektə sisteminə malikdir. Lakin o, Hörmüz boğazının bağlanmasının yaratdığı kimi bazar şokları üçün nəzərdə tutulmayıb”.

Qiymət tavanı sonuncu dəfə yanvar ayında bir barel üçün 44,10 dollara endirilmişdi. ABŞ və İsrailin İrana hücumundan, eləcə də İranın Hörmüz boğazını bağlamasından sonra neft qiymətlərinin davamlı yüksəlməsi fonunda avtomatik tənzimləmə mexanizmi iyul ayından etibarən qiymət tavanının faktiki olaraq artırılmasına səbəb ola bilər.

Təklif olunan sanksiyaların qüvvəyə minməsi üçün onların Aİ-yə üzv olan bütün 27 ölkə tərəfindən yekdilliklə təsdiqlənməsi tələb olunur.

Aİ həmçinin Rusiyanın neft və qaz ixracında istifadə etdiyi onlarla yeni gəmiyə qarşı sanksiyalar tətbiq etməyi və daha əvvəl neft tankerlərinə tətbiq edildiyi kimi, Rusiyaya qazdaşıyan gəmilərin satışını qadağan etməyi təklif edəcək.

Fon der Lyayen ABŞ-nin ötən il sanksiyalar tətbiq etdiyi Rusiyanın “Rosneft” və “Lukoil” şirkətlərinin adını çəkməyib. Halbuki təqdimatdan əvvəl Aİ-nin bu şirkətlərə qarşı müəyyən tədbirlər görəcəyi gözlənilirdi. Xüsusilə “Lukoil” Avropa İttifaqında geniş pərakəndə satış şəbəkəsinə malikdir.

Bundan əlavə, fon der Lyayen ilk dəfə olaraq Rusiyanın balıqçılıq sektoruna qarşı da sanksiyalar tətbiq etməyi təklif edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər