Ailədə 1 nəfərin VÖEN-i olduqda o sahibkarlıq fəaliyyəti ilə cəm halında məşğul ola bilər?

Suala cavab verməmişdən əvvəl VÖEN sözünün açıqlamasına baxaq. Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi. Açıqlamaya baxdıqda, burada ödəyicisinin yəni fərdi şəxsin (bir nəfər) tək halı mövcuddur. Digər sual yaranır VÖEN-nin məqsədi nədir? Vergi Məcəlləsinin 33.1 maddəsinə nəzər yetirək.

Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır.

Qeyd: Burada göründüyü kimi vergi orqanın şəxsin gəlirlərinə nəzarət etmək üçün ona VÖEN verilir.

Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir.

Qeyd: Şəxs artıq dövlət qeydiyyatına alındıqdan sonra ona VÖEN verilir və belə halda o vergi uçotuna alınmış hesab olunur. Bundan sonra ona şəhadətnamə verilir.

Vergi Məcəlləsinin 34.6 maddəsinə nəzər yetirək:

Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

34.7. Vergi ödəyiciləri maliyyə, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində VÖEN-i mütləq göstərməlidirlər. 

34.7.1. Vergi ödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə, ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir.

34.7.2. Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır. Vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergi ödəyicisinə bildiriş göndərilir. Bildiriş göndərildikdən  5 iş günü müddətində vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü müddətində vergi ödəyicisinə məlumat verilir.

34.7.3. Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

34.7.3.1. fəaliyyətinə xitam verildikdə;

34.7.3.2. məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;

34.7.3.3. vəfat etdikdə.

34.7.4. Vergi ödəyicisi uçotdan çıxarıldıqda, onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilir. Vergi orqanı şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə bank idarələrinə məlumat verməlidir.

Qeyd: VÖEN həm sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, həm ciddi hesabat blankların çap olunmasında və digər hallarda əhəmiyyətlidir.

İqtisadçı – ekspert Rauf Qarayev