16 C
Baku
Monday, May 20, 2024

Aliment təyin olunarkən məhkəmə hansı halları nəzər alır?

Ailə hüququ vətəndaşların nikahdan, yaxın qohumluq əlaqələrindən, övladlığa götürmədən, yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçiliyin təyin edilməsi, eləcə də ailəyə saxlamağa götürülmüş uşaqla bağlı münasibətlərdən irəli gələn tənzimləmələri nəzərdə tutan hüquq normaları toplusunu özündə ehtiva edir. Sadalanan hər bir sahədə yaranmış mübahisələrin məhkəmədə həllinə nəzər saldıqda oxşar hallarda müxtəlif yanaşmaların şahidi olmaq olar. Elə bu səbəbdən ailə mübahisələrinin həlli üçün vəkilə müraciət etmiş şəxslər mübahisənin həllində onları qane edən oxşar presedentlərə müraciət olunmasını, başqa sözlə yüksək aliment məbləğinin təyin olunmasını arzulayırlar.

Ailə qanunvericiliyinə əsasən, nikaha xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət edən şəxsi – saxlanması üçün vəsait almaq hüququna malik olan tərəfi məhkəmənin həll etdiyi məsələlərdən ilk növbədə təyin olunacaq alimentin yuxarı məbləği maraqlandırır. Ümumi qaydalara görə aliment məhkəməyə müraciət olunduğu gündən hesablanaraq təyin olunur. Lakin aliment ödənilməsi barədə saziş olduqda keçən dövr üçün aliment tələb edən tərəfin gördüyü tədbirlər məhkəmədə təsdiqini taparsa, o halda məhkəmə son üç illik müddəti nəzərə almaqla aliment təyin edə bilər (Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə görə). Alimentin təyin edilməsi barədə ərizəyə baxış nikaha xitam verilməsi tələbi olmadan da mümkündür. Lakin bu əksər hallarda qarşı tərəfin nikaha xitam verilməsi barədə məhkəməyə ərizə verməsi ilə nəticələnir.

Məhkəmələr alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etdikdə valideynlərin maddi durumunu obyektiv şəkildə qiymətləndirərək aliment məbləğinin doğru bir şəkildə təyin edilməsini təmin etməlidir. Bu zaman məhkəmə valideynlərin sosial paketlərdən istifadə etdiklərini müəyyən edərsə, bu faktoru nəzərə alaraq aliment təyin edə bilərlər. Alimentin məbləğinin müəyyən edilməsində məhkəmələr əsasən mübahisənin araşdırıldığı zaman təyin olunmuş yaşayış minimumunu əsas götürürlər.

Yaşayış minimumunun artırılması aliment öhdəliklərinin də artırılması tələbi ilə yenidən məhkəməyə müraciət olunmasına şərait yaradır. Təcrübədə yaşayış minimumunun artırılmış məbləği daha çox aliment alan tərəfə (və ya onun yaxın qohumlarına), zərurət olmadığı halda keçmiş həyat yoldaşından “qisas almaq” və ya onu “cəzalandırmaq” məqsədi ilə məhkəməyə yenidən müraciət edilməsi üçün bir həvəs yaradır. Hər bir halda maddi dəstəyin və alimentin artırılmasının ədalətli və düzgün şəkildə qiymətləndirilməsi və müəyyənləşdirilməsi əhəmiyyətli olsa da, aliment, maddi dəstəyə ehtiyac duyan tərəfin maddi rifahının yaxşılaşdırılması üçün sosial yardım və sosial mühafizə tədbirlərindən istifadə etməyə alternativ olmamalıdır.

Ailə mübahisələrində məhkəmələr tərəfindən aliment təyin edilərkən təkcə Ailə Məcəlləsində təsbit edilmiş ailə üzvlərinin aliment öhdəlikləri barədə müddəalardan deyil, yaşayış minimumuna müraciət etmələri vəziyyəti bir az da çətinləşdirir. Əgər aliment ödəyən tərəfin aylıq əməkhaqqısı 500 manat (sosial ödənişlər və vergilər tutulmadan) təşkil edirsə və məhkəmə tərəfindən iki uşaq üçün yaşayış minimumu həddində aliment təyin edilirsə, sosial ədalət prinsipinin təmin edilmədiyini görürük. Məlumdur ki, yüksək əməkhaqqını əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilinin olması zəruri sayılan hallarla bağlanmış əmək müqavilələrinə əsasən almaq mümkündür. Məhkəmə araşdırmasına gəlirlər haqqında təqdim olunan arayışlar (iş yerindən və ya işaxtaran kimi qeydiyyatda olma barəsində) da alimetin təyinatıında əhəmiyyətli rol oynamır.

Ehtimal etmək olar ki, məhkəmələr tərəfindən alimentin təyin olunmasında, real gəlirlərə uyğun daha aşağı məbləğ (misal üçün bu məbləğ 50-100 manat civarında ola bilər) seçilərsə, onda tərəflərin məhkəmə çəkişmələrinə maraqları minimuma enə bilər. Bu həmçinin tərəflərin daha artıq məbləğlərdə aliment öhdəlikləri qeyd olunan nikah müqavilələrinin bağlanmasının stimullaşdırılmasına təkan verə bilər. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın tələb edilməsi sağlam ailənin formalaşması üçün zəruridir. Qanunda bu məsələnin öz həllini tapması rast gəlinən irsi xəstəliklə və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınmasına əlverişli mühit yaratmışdır. Qanunun tələbindən sonra tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirildiyi kimi, ilkin olaraq, nikaha girənlərə də qeydiyyat orqanlarında aliment öhdəlikləri ilə bağlı əlavə müqavilə imzalanması təklifinin edilməsi və daha sonrakı illərdə müsbət nəticələri olarsa, hüquq normalarında təsbit edilməsi bu sahədəki gərginliyin aradan qaldırılmasına xidmət edə bilər.

Mənbəe-huquq.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər