ABŞ, Miçiqan ştatı universitetindən olan bir qrup alim mexaniki vibrasiyalardan səs yarada bilən səthi düz, elastik material yaradıb.
Banker.az xəbər verir ki, Nature Communication jurnalında nəşr olunmuş məqalədə deyilir ki, alimlər onun köməkliyi ilə “danışan kağız”, yaxud “oxuyan bayraq” yarada bilər.
İxtiranın əsasında hələ 2016-cı ildə təqdim edilmiş FENG elektrik nanogeneratoru dayanır. Bu material mexaniki enerjini cərəyana çevirə bilər. Alimlər belə güman edirdilər ki, FENG smartfonlar və digər daşına bilən cihazlar üçün enerji mənbəyi olacaq.
Lakin, bir sıra eksperimentlərdən sonra materialın digər bir xüsusiyyəti aşkar edilir. Belə ki, mütəxəssislər elektriki mexaniki vibrasiyaya çevirə, bunun ardınca isə akustik dalğalar yaza bilib.
“Səhifələri eyni zamanda həm mikrafon, həm də dinamik olan bir qəzet təsəvvür edin. Mahiyyət etibarilə, həm oxucunun nitqinə reaksiya verən və oxucu ilə danışan bir nüsxə yaratmaq mümkündür” – deyə araşdırmanın aparıcı müəllifi Nelson Sepulveda qeyd edib.
O həmçinin bu materialdan səsin qarşısının alınması, təhlükəsizlik barədə xəbərdarlıq edən sistem və digər məqsədlər üçün də istifadə etməyi məsləhət görür.