Almaniya Avropa İttifaqı ölkələrinə Bundestaqa edilən kiberhücumda iştirak etmiş şəxslərə qarşı “kibersanksiyalar rejimi”ni tətbiq etməyi təklif edib.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Xatırladaq ki, 2015-ci ilin aprel-may aylarında Almaniya parlamentinə kiberhücum təşkil edilmişdir. Hücum nəticəsində Bundestaq üzvlərinin yazışmaları da daxil olmaqla, ümumilikdə 16 Gb məlumat oğurlanıb. Almaniya kansleri Anqela Merkelin sözlərinə görə, bu kiberhücumda Rusiya kəşfiyyatı iştirak edib.
Mayın əvvəlində Almaniya Baş Prokurorluğu “şübhəli bilinən” Dmitri Badinin həbs edilməsi ilə bağlı qərar qəbul etdi. Alman səlahiyyətlilərinin fikrincə, o, Bundestaqa hücum edən “Fancy Bear” hakker qrupuna daxildir.
Hazırda alman hökuməti kəşfiyyat və ictimai mənbələrdən alınan məlumatlara əsaslanan sübutlar təqdim edərək, Avropa İttifaqı çərçivəsində sanksiyalar tətbiq etməyi təklif edir.
Berlinin bu təklifi qəbul edildiyi təqdirdə, Avropa İttifaqının 2017-ci ildə tərtib etdiyi kibersansksiya rejimi ilk dəfə olaraq tətbiq edilə bilər. Qeyd edildiyi kimi, bu rejim aktivlərin dondurulmasını nəzərdə tutur.