“Alphabet” şirkətinin səhmləri iyunun 22-də Nasdaq birjasında keçirilən ticarətin yekunlarına görə 5,1% ucuzlaşaraq 348,78 dollara düşüb. Ticarət zamanı eniş bir ara 7,2%-ə çatıb. “Bloomberg”in qeyd etdiyi kimi, bu, fevral ayından bəri şirkət üçün ən kəskin günlük eniş olub.
Səhmlərin ucuzlaşması “Google DeepMind”ın vitse-prezidenti Con Camperin (John Jumper) “Anthropic” şirkətinə keçdiyini açıqlamasından sonra baş verib. Bundan əvvəl isə “Google”un ən tanınmış tədqiqatçılarından biri olan Noam Şazir (Noam Shazeer) “OpenAI” şirkətinə keçdiyini elan etmişdi.
2024-cü il üzrə Nobel Kimya Mükafatı laureatı olan Con Camper bu mükafatı “DeepMind”ın baş direktoru Demis Hassabis və tədqiqatçı Devid Beyker (David Baker) ilə birlikdə zülalların strukturunu proqnozlaşdıra bilən AlphaFold süni intellekt modelinə görə alıb.
“Bloomberg”in keçmiş “Google” əməkdaşlarına istinadən yazdığına görə, Camper proqramlaşdırma üçün süni intellekt alətlərinin hazırlanması komandasının əsas üzvlərindən biri idi. O, şirkətin bu məhsulları korporativ müştərilərə satmaqda çətinlik çəkdiyi bir dövrdə ayrılır. Halbuki son aylarda məhz korporativ müştərilər üçün AI alətləri “Anthropic” və “OpenAI”ın əsas artım mənbələrindən birinə çevrilib.
“DA Davidson”un texnologiya araşdırmaları rəhbəri Gil Luriya (Gil Luria) hesab edir ki, qısa müddətdə iki aparıcı tədqiqatçının ayrılması “Google”un “süni intellekt sahəsində istedadlar uğrunda mübarizəni uduzduğu” ilə bağlı narahatlıqları artırır. Onun sözlərinə görə, ötən il “Google” qabaqcıl AI modeli sayəsində bu yarışın qaliblərindən biri hesab olunurdu, lakin sonradan liderliyini itirib.
“Vital Knowledge” bülleteninin müəllifi Adam Krisafulli (Adam Crisafulli) isə bildirib ki, hazırda “OpenAI” və “Anthropic” süni intellekt modelləri və proqramlaşdırma alətləri sahəsində dominant mövqe tutaraq “Google”, “xAI” və “Meta”dan nəzərəçarpacaq dərəcədə irəlidədir.
İyunun 22-də ABŞ bazarında təkcə “Alphabet” deyil, digər iri texnologiya şirkətlərinin də səhmləri ucuzlaşıb. “Amazon” səhmləri təxminən 5%, “Meta” və “Microsoft” səhmləri isə gün ərzində 3%-dən çox dəyər itirib.
Analitiklərin fikrincə, investorlar hazırda AI infrastrukturuna böyük vəsait xərcləyən şirkətlərin səhmlərini satır, həmin investisiyalardan faydalanan şirkətlərə üstünlük verirlər. Məsələn, “Micron Technology” şirkətinin səhmləri həmin gün 6,8% bahalaşıb.







