AMB: Azərbaycanda daxili karbon bazarı yaradılacaq

Azərbaycanda daxili karbon bazarı hələ formalaşmayıb və onun yaradılması üçün zəruri infrastrukturun qurulmasına indidən başlanmalıdır.

Banker.az xəbər verir ki, bunu Bakı İqlim Həftəsi çərçivəsində keçirilən “Karbon bazarları vasitəsilə iqlim maliyyəsinin genişləndirilməsi” mövzusunda panel müzakirəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin iqtisadçısı Əli Əhmədzadə bildirib.

“Beynəlxalq səviyyədə Azərbaycanın gələcəkdə qoşula biləcəyi mexanizm artıq mövcuddur. Bizdə hələ olmayan isə daxili karbon bazarıdır”, – deyə Ə.Əhmədzadə qeyd edib.

Onun sözlərinə görə, daxili karbon bazarının yaradılması üçün bir sıra fundamental məsələlər həll edilməlidir. Bununla belə, Azərbaycan bu prosesi sıfırdan başlamağa məcbur deyil.

AMB nümayəndəsi bildirib ki, dünyada 20-dən çox yurisdiksiya iyirmi ildən artıqdır karbon bazarlarının yaradılması və inkişafı ilə məşğuldur. Azərbaycan onların təcrübəsini, o cümlədən yol verilmiş səhvləri nəzərə almaqla daha etibarlı karbon bazarını daha sürətli və az xərclə formalaşdıra bilər.

Ə.Əhmədzadə Avropa İttifaqı, Çin, Qazaxıstan və Özbəkistanın karbon bazarı modellərinin Azərbaycan üçün öyrənilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, xüsusilə Çin təcrübəsində iqtisadi artımı məhdudlaşdırmadan emissiyaların idarə edilməsinə imkan verən yanaşmalar inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün faydalı ola bilər.

AMB rəsmisinin sözlərinə görə, Azərbaycan ilk növbədə qanunvericilik bazasının formalaşdırılmasına və MRV — monitorinq, hesabatlılıq və verifikasiya sisteminin yaradılmasına diqqət yetirməlidir.

“Düşünürəm ki, bu təcrübələri daha dərindən təhlil etməli və Azərbaycan üçün zəruri infrastrukturun qurulması istiqamətində artıq fəaliyyətə başlamalıyıq. İlk növbədə qanunvericilik bazasından və monitorinq, hesabatlılıq və verifikasiya sisteminin yaradılmasından başlamaq lazımdır”, – deyə Ə.Əhmədzadə bildirib.

Onun sözlərinə görə, MRV sistemi karbon layihələrinin etibarlılığını təmin edən ən vacib elementlərdən biridir və eyni zamanda Azərbaycanın beynəlxalq karbon bazarlarına çıxışına imkan yarada bilər.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər