2021-ci ilin birinci yarımili (01.01.2021-01.07.2021) ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 22.3% artaraq 15.9 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 55.6% artaraq 4.5 mlrd. manat olmuşdur.
Banker.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri üzrə icmalda deyilir.
Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2020-ci ilin I yarımili ilə müqayisədə 6% bəndi yüksələrək 28.1%-ə bərabər olmuşdur.
Ümumiyyətlə, hesabat dövründə ödəniş kartları ilə aparılan hər 100 manatlıq əməliyyatın 28 manatı nağdsız, 72 manatı isə nağd əməliyyatlar təşkil etməkdədir. Ötən ilin I yarım ilində bu göstərici müvafiq olaraq 22 və 78 manat təşkil edirdi.
Ölkədə bank kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşmüşdür. 2021-ci ilin birinci yarımilində elektron ticarət əməliyyatlarının sayı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 40.3% artaraq 43.2 mln. ədəd, həcmi isə 35.6% artaraq 2.4 mlrd. manat olmuşdur.
Təsərrüfat subyektlərində 2021-ci ilin I yarımili ərzində POS-terminal vasitəsilə aparılan əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artaraq 42.7 mln. ədəd, həcmi isə 85.3% artaraq 1.8 mlrd. manat olmuşdur. POS-terminallarla aparılan təmassız ödənişlərin sayı və həcmi isə 2020-ci ilin I yarımil göstəricilərini müvafiq olaraq 4.2 və 6.6 dəfə üstələmişdir.