Azərbaycanda regionların kreditləşməsi illik müqayisədə 354 mln. manat və ya 14,68% azalaraq 2017-ci il avqustun 1-nə 2 054 mln. manat təşkil edib. Beləliklə, ölkə üzrə cəmi kredit qoyuluşunun 15,97%-i regionların payına düşüb.
Bu barədə mənbə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Regionlara kredit qoyuluşunun həcmində azalma olsa da, regionların kreditləşməsinin cəmi kreditlərdə xüsusi çəkisi əksinə, 1,56 faiz bəndi artıb. Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (499 mln. manat) qeydə alınıb.
Qeyd edək ki, 2017-ci il avqustun 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12 861 mln. manat təşkil edib və bunun 10 807 mln. manatı və ya 84,03%-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi illik 11,6% təşkil etdiyi halda, Bakı şəhərində 10,2% olub, regionlarda isə 9,0-21,9% arasında dəyişib.