AmCham Azərbaycan “Dayanıqlılıq və Enerji Transformasiyası” mövzusunda “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Bakıda keçirilən və beynəlxalq səviyyədə tanınan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib. 11 iyun 2026-cı il tarixində təşkil edilmiş forumda dövlət qurumlarının nümayəndələri, biznes ictimaiyyəti və beynəlxalq ekspertlər qlobal iqtisadi çağırışlar fonunda bizneslərin dayanıqlılığının artırılması, iqtisadi diversifikasiya və yeni texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.

Forumun açılışında “AmCham Azərbaycan”ın prezidenti Dəyanət Sadullayev bildirib ki, qlobal dəyişikliklər və geosiyasi risklər fonunda bizneslərin dayanıqlılığının gücləndirilməsi əsas prioritetdir. Onun sözlərinə görə, şirkətlər üçün təkcə texnologiyaların tətbiqi deyil, həm də biznes modellərinin yenilənməsi və əməliyyat səmərəliliyinin artırılması vacibdir.

“Biznes mühitində sürətli dəyişikliklər qeyri-müəyyənliyi artırır və şirkətlərdən daha çevik yanaşma tələb edir. Bu şəraitdə texnologiya, kommunikasiya və dialoq platformalarının rolu xüsusi əhəmiyyət daşıyır”, – deyə o qeyd edib.

Dəyanət Sadullayev əlavə edib ki, AmCham dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və konstruktiv dialoqun inkişafı üçün müxtəlif platformalar formalaşdırır.

Daha sonra iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov bildirib ki, Azərbaycan və ABŞ iqtisadi əməkdaşlığı yeni mərhələyə daxil olub. Onun sözlərinə görə, tərəflər enerji və investisiya sahələri ilə yanaşı, süni intellekt, bulud texnologiyaları və rəqəmsal innovasiyalar üzrə də əməkdaşlığı genişləndirirlər. Bu təşəbbüslərin ölkədə məhsuldarlığın artırılmasına və rəqabət qabiliyyətinin güclənməsinə xidmət edəcəyi qeyd olunub.

İlk panel sessiyasında çıxış edən energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olur və mövcud şərait iqtisadi artımın yeni mənbələrinin formalaşdırılmasını tələb edir. Onun sözlərinə görə, iqtisadi siyasətin əsas məqsədi yalnız diversifikasiya deyil, dayanıqlı və uzunmüddətli iqtisadi inkişafın təmin olunmasıdır. Nazir müavini SOCAR-ın son illərdə keçdiyi transformasiyanı nümunə göstərərək qeyd edib ki, şirkət artıq təkcə enerji resursları deyil, bilik və bacarıqlar da ixrac edən regional oyunçuya çevrilib.

Forumda çıxış edən “Philip Morris International”ın MDB ölkələri üzrə Xarici əlaqələr direktoru Aleksey Kim bildirib ki, Azərbaycan resurslara əsaslanan iqtisadi modeldən bilik və innovasiyalara söykənən iqtisadiyyata keçid istiqamətində mühüm addımlar atır. Onun sözlərinə görə, rəqəmsal texnologiyalar və süni intellektin təşviqi, eləcə də dövlət-biznes əməkdaşlığının gücləndirilməsi özəl sektor üçün yeni imkanlar yaradır. Kim həmçinin insan kapitalının inkişafı və şəffaf tənzimləyici mühitin bu transformasiyada əsas rol oynadığını vurğulayıb.

Paneldə çıxış edən Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib ki, zonanın əsas prioriteti yüksək əlavə dəyər yaradan ixracyönümlü istehsaldır. Onun sözlərinə görə, bu yanaşma ölkənin ixrac potensialının artırılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və investisiyaların cəlbinə xidmət edir.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru cənab Fariz Cəfərov bildirib ki, süni intellekt iqtisadiyyatı artıq qlobal miqyasda sürətlə böyüyən yeni bir mərhələdir və bu prosesdə enerji, infrastruktur, çiplər, modellər və tətbiqlər əsas sütunları təşkil edir. Onun sözlərinə görə, Azərbaycanın rəqəmsal və süni intellekt strategiyaları, eləcə də data mərkəzləri və rəqəmsal infrastruktur istiqamətində atdığı addımlar ölkənin bu qlobal zəncirdə mühüm oyunçuya çevrilməsi üçün imkanlar yaradır.

Sessiyanın moderatoru AmCham Azərbaycanın İnnovasiyalar və rəqəmsal iqtisadiyyat komitəsinin sədr müavini, “PASHA Financial Holding” şirkətinin İnnovasiyalar üzrə rəhbəri  Tuğra Musayeva olub.

İkinci pandeldə tədbirdə çıxış edən spikerlər korporativ transformasiya, insan kapitalı və texnoloji yeniliklərin iqtisadi inkişafda roluna dair daha geniş fikirlər də səsləndiriblər.

BP şirkətinin Transformasiya və texnologiyalar üzrə meneceri Marianna Kərimova bildirib ki, Azərbaycanın növbəti inkişaf mərhələsində insan kapitalı əsas rol oynayacaq və ölkədə mövcud texniki kadr potensialının daha da gücləndirilməsi vacibdir.

O qeyd edib ki, Sanqaçal Terminalı BP-nin qlobal fəaliyyətində ən iri neft və qaz emalı mərkəzlərindən biridir və şirkət Azərbaycandakı əməliyyatlarında artıq rəqəmsal transformasiya həllərini istehsal proseslərinə inteqrasiya edib. Kərimova əlavə edib ki, BP dronlar, robotlar, ağıllı qazma texnologiyaları və rəqəmsal əkiz həllərindən geniş istifadə etməklə həm səmərəliliyi artırır, həm də təhlükəli işlərin avtomatlaşdırılmasını təmin edir.

“Philip Morris International” şirkətinin Elmi fəaliyyətlər üzrə direktoru Tomoko İida bildirib ki, dünyada 43,5 milyon insan ənənəvi siqaretdən imtina edərək alternativ tütün məhsullarına keçib və bu tendensiya getdikcə genişlənir. Yapon mütəxəsisin sözlərinə görə, alternativ məhsullar hazırda 108 ölkədə istifadə olunur və şirkət 2030-cu ilədək gəlirinin üçdə ikisini bu məhsullardan əldə etməyi hədəfləyir. İida əlavə edib ki, Yaponiyada alternativ məhsulların tətbiqindən sonra siqaret çəkənlərin payı 20%-dən 10%-ə enib və Azərbaycanda da bu istiqamətdə azalma üçün potensial mövcuddur.

AmCham Azerbaijan-ın İcraçı Direktoru cənab Zaur Kərimov isə tədbirin yekununda bildirib ki, “Technovation” kimi təşəbbüslər Azərbaycanın innovasiya ekosisteminin güclənməsi və gələcəyə yönəlmiş dialoqun inkişafı baxımından mühüm platforma rolunu oynayır. O, tədbirin uğurla keçirilməsinə töhfə verən bütün spikerlərə, dövlət qurumlarının nümayəndələrinə və tərəfdaşlara təşəkkürünü ifadə edib və bu cür platformaların bilik mübadiləsi və dayanıqlı iqtisadi inkişaf üçün əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın biznes muhitinin daha da inkişafına töhfə verir.NM 6952 NM 6933 NM 6638 NM 6649 NM 6655 NM 6672 NM 6530 NM 6519 NM 6496 NM 6578 NM 6554 NM 6485 NM 6450 NM 6447 NM 6431 NM 6428 NM 6425 NM 6418 NM 6390 NM 6385 NM 6379 NM 6369 NM 6361 NM 6350 NM 6338 NM 6331 NM 6318 NM 6209 NM 6188 NM 6197

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər