9 C
Baku
Friday, December 13, 2024

Amerika Çinlə dostlaşa bilərmi?

Çin lideri Tsi Tsinpin bir neçə gün əvvəl ABŞ prezidenti Co Baydenlə telefonla danışıb. Telefon danışığı zamanı müxtəlif mövzular müzakirə olunub.

Çin lideri telefon danışığı zamanı ABŞ prezidentini inadırmağa çalışıb ki, iki ölkə arasındakı münasibətlərdə gərginliyin davamı iki xalqın və dünya dövlətlərinin fundamental maraqlarına cavab vermir. Çin lideri iki dövlət arasında əməkdaşlığın keçmiş illərdəki axarına qaytarılmasının sülhə və hər iki dövlətə fayda gətirəcəyini vurğulayıb. Baydenin bu çağırışlara necə cavab verdiyi barədə səhih məlumat yoxdur. Ancaq liderlər söhbətin sonunda daimi təmasları davam etdirilməsinin vacib olduğunu söyləyiblər.

Bir qrup ekspert iki dövlət arasında müxtəlif məsələrlə bağlı ciddi fikir ayrılıqlarının olduqlarını vurğulasalar da, bəzi sahələrdə əməkdaşlıq üçün zəminin varlığını göstəriblər. Misal üçün Çinlə ABŞ iqlim dəyişiklikləri, pandemiyaya qarşı mübarizə, o cümlədən beynəlxalq və regional məsələlərdə ortaq məxrəcə gələ bilərlər. Ancaq fərqli düşünənlərin sayı daha çoxdur. Misal üçün Çin lideri Baydenlə əməkdaşlığın vacibliyindən danışarkən Pekinin ABŞ-a göndərdiyi yeni səfir Vaşinqtonda çalışacağı ölkənin ünvanına təhqiramiz fikir söyləyib.

Çinin ABŞ-dakı yeni səfiri Tsin Qanın onlayn toplantıların birində verilən suala cavabı belə olub:  “Münasibətlərin korlanmasına görə Vaşinqton məsuliyyət daşıyır. Dialoq vasitəsilə problemləri həll etmək lazımdır. Yox əgər dialoq yolu ilə problemlər həll olunmursa Amerika administrasiyasının ağzını yumması lazımdır”.

Tsin Qan bu ilin iyulun sonundan Vaşinqtona çalışır. O ölkəsinin Amerikada sayca 11-ci səfiridir. Tsin Qan Amerikada səfir təyinatına qədər Çin xarici işlər nazirinin müavini idi.

elxan 2 e1586858227984 768x403 1
E.ŞAHİNOĞLU

Bununla bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu məsələyə şərh bildirib.

“Səfirin təhqiramiz cümləsi onu göstərir ki, iki ölkə arasında münasibətlərin normallaşması gözlənilmir. İki dövlətin fərqli baxışları və fərqli maraqları var. Doğrudur, yaxın keçmişdə iki ölkə arasında normal münasibətlər mövcud olub. Vaşinqton “soyuq müharibə” illərində iki böyük güclə – SSRİ və Çinlə eyni zamanda mübarizə aparmaq istəmirdi. Vaşinqton SSRİ-ni hədəf seçərək 1970-ci illərdə Pekinlə münasibətləri normallaşdırdı. Amerikanın Çinə böyük yatırımları başladı. Ancaq SSRİ-nin dağılmasıyla durum dəyişdi. Çin SSRİ-nin yerini tutmağa çalışdı, hərbi gücünü artırdı və ətraf ölkələrə əzələ nümayişinə başladı. Belə vəziyyətdə Amerika Çinə yönəlik siyasətini dəyişmək məcburiyyətində qaldı. Amerikada prezidentlərin dəyişməsi ilə Pekinə münasibətin müsbətə doğru dəyişəcəyini gözləmək əbəsdir. Çünki Çin Amerika üçün təhlükəsizlik təhdidinə çevrilib”.

Son xəbərlər
Digər xəbərlər