Bir çox amerikalı Çində istehsal olunan məhsullardan imtina edir. “FTI Consulting” şirkəti tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, əhalinin təqribən 40%-i bu fikirdədir.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Daha 34% isə “Made in China” etiketli məhsul almağa hazır olduğunu, lakin bundan zövq almadığını bildirib. Əhalinin 26%-i məhsulların Çin mənşəli olmasının onların seçiminə təsir etmədiyini açıqlayıb.
Xatırladaq ki, mayın 8-də Çin və ABŞ daha əvvəl bağlanmış ticarət sazişinin birinci mərhələsi üçün əlverişli şərait yaratmağa hazır olduqlarını təsdiqləyiblər.
Bu hadisədən iki gün əvvəl isə Donald Tramp yaxın bir-iki həftə ərzində Çinin bu müqaviləni icra edib-etməməsi ilə bağlı açıqlama verəcəyini vəd etmişdir.
Yanvarın 15-də Tramp və Çinin baş nazirinin müavini Liu He, ölkələr arasında ticarət müqaviləsi çərçivəsində sənədlərin ilk paketini imzaladılar.
Müqavilənin şərtlərinə görə, Pekin ABŞ-dan 75 milyard dollar dəyərində sənaye məhsulları, 50 milyard dollar dəyərində enerji daşıyıcıları və 40 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları almalıdır.
Xatırladaq ki, ABŞ və Çin arasında ticarət müharibəsi 2018-ci ilin iyul ayında başlayıb.