Banker.az xəbər verir ki, Google şirkətinin mobil pulqabısından beynəlxalq pul köçürmələri üçün istifadə etmək mümkün olacaq. Bu funksiya pul transferləri üçün qlobal provayder olan WorldRemit xidməti ilə inteqrasiya sayəsində peyda olacaq.
Hazırda WorldRemit bütün dünya üzrə 120 milyon mobil əlaqə abonentinə xidmət edir və istifadəçilərə öz mobil operatorunun və yaxud digər pul köçürməsi provayderi hesabından pul vəsaitləri qəbul etməyə və göndərməyə imkan verir.
Google ilə əməkdaşlığa başladıqdan sonra Android Pay hesabından da pul köçürmək mümkün olacaq. Bunun üçün WorldRemit-ə daxil olmaq və vəsaitlərin çıxılması üçün Google mobil pulqabısını seçmək lazımdır.
WorldRemit belə bir funksiyanın yaradılmasını Android smartfonlardan istifadə edən geniş müştəri bazasının (təqribən 60%) olması ilə əsaslandırıb.
Qeyd edək ki, hazırda Google pulqabısında dünyanın 15 ölkəsindən təqribən 25 milyon istifadəçi qeydiyyatdan keçib. Bu günə qədər tətbiqetmə ilə xarici ölkəyə vəsait göndərmək mümkün deyildi. İstifadəçilər yalnız öz ölkələrində olan digər müştərilərə p2p-köçürmələr edə bilirdi.