“Apple”ın çinli tərəfdaşı Honkonq birjasına çıxmaqla $3,1 milyard cəlb etməyi planlaşdırır

“Luxshare Precision Industry”, “Apple”ın əsas təchizatçılarından biri, Honkonq Fond Birjasında səhmlərin yerləşdirilməsində iştirak etmək üçün investor müraciətlərinin qəbuluna başlayıb. Bu barədə şirkətin bəyanatına istinadən “Bloomberg” yazır.

“Luxshare” 24,3 milyard Honkonq dollarınadək (3,1 milyard ABŞ dolları) vəsait cəlb etməyi planlaşdırır. Şirkət bu məqsədə nail olarsa, bu, 2026-cı ilin əvvəlindən bəri Honkonqda ən böyük səhmlərin yerləşdirilməsi olacaq.

Emissiya prospektinə əsasən, “Luxshare” investorlara hər biri maksimum 63,28 Honkonq dolları (8 ABŞ dolları) olmaqla 383,5 milyon səhm təklif edir. “Bloomberg” qeyd edir ki, bu qiymət Şençjen birjasında bağlanış qiymətinə nisbətən 16%-lik endirim nəzərdə tutur. İyunun 29-da Şençjen birjasında şirkətin səhmləri 65,3 yuan (9,6 ABŞ dolları) təşkil edib. İyunun 30-da isə onlar 7,8% artaraq 70,4 yuana (10,3 ABŞ dolları) yüksəlib.

İnvestorlar artıq “Luxshare” səhmlərinin 1,5 milyard dollar məbləğində alınmasına razılıq veriblər. Onların arasında “Tencent Holdings”, “Temasek Holdings”, “GIC”, “Hillhouse Investment” və “Millennium Management” yer alır.

“Luxshare” 2004-cü ildə istehlak elektronikası üçün komponent istehsalçısı kimi yaradılıb. Sonradan şirkət fəaliyyətini avtomobil elektronikası, telekommunikasiya və süni intellekt üçün məlumat emalı mərkəzləri sahələrinə genişləndirib. Hazırda şirkət süni intellekt cihazları, 3D çap və robototexnika kimi istiqamətlərdə yeni imkanları araşdırır.

Bir neçə il əvvəl “Luxshare” “Wistron Corporation”un iPhone istehsalı bölməsini satın alaraq “Apple”ın əsas məhsulunu yığan ilk materik Çin şirkətinə çevrilib. Bundan əlavə, “Luxshare” dünyada “AirPods” qulaqlıqlarının ən böyük istehsalçısıdır.

“Bloomberg”in məlumatına görə, son 12 ay ərzində “Luxshare”ın Şençjen birjasında ticarət olunan səhmləri 100%-dən çox bahalaşıb. Şirkətin bazar dəyəri təxminən 80 milyard dollar təşkil edir. 2025-ci ildə Luxshare-ın gəlirləri 24% artaraq 332 milyard yuana (48,9 milyard dollar) çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər