Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi vətəndaşlar tərəfindən gələcək etibarlı pensiya təminatı məqsədilə öz fərdi hesablarına pensiya kapitalının toplanmasını təmin edir. Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbər görə, sistemdə qeydiyyatda olan sığortaolunanların sayı getdikcə artmaqdadır.
2016-cı ilin aprel ayında bu artım 14 166 nəfər təşkil edib və fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 3 240 157 nəfərə çatıb. Həmin sığortaolunanların 674 681 nəfəri (20,82%) 30 yaşa qədər, 816 325 nəfəri (25,20%) 30-40 yaşlarında, 654 814 nəfəri (20,21%) 40-50 yaş, 685 322 nəfəri (21,15%) 50-60 yaş aralığında olan vətəndaşlardır. Digərləri 60 yaşdan yuxarı olan şəxslərdən ibarətdir.
Ölkədə mütərəqqi beynəlxalq standartlara uyğun şəkildə qurulmuş müasir sığorta-pensiya sisteminin mühüm bir komponenti olan fərdi uçot sistemində fərdi hesabı açılanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 176 990 nəfər çoxalıb.