Azərbaycanda malların ekspres daşınması mümkün olacaq – Yeni qaydalar

Azərbaycanda malların sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən keçirilməsi mümkün olacaq.

Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafiq qanun sentyabrın 3-dən qüvvəyə minib.

Qanuna əsasən, informasiya sistemlərindən istifadə edilməklə elektron ticarət yolu ilə alınan mallar müvafiq qaimə əsasında istənilən nəqliyyat vasitəsilə daşınaraq alıcıya çatdırılacaq.

Sürətli (ekspres) daşınma yolu ilə daşınan mallar gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi başa çatanadək və onların buraxılışına icazə verilənədək gömrük nəzarəti altında olacaqlar.

Sürətli (ekspres) daşınan malların gömrük sərhədindən keçirilməsinin xüsusiyyətləri

Aşağıdakı malların sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən keçirilməsinə icazə verilməyəcək:

mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalar;

müvafiq icazə sənədləri olmayan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar.

Yuxarıda nəzərdə tutulmuş mallar sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən keçirilərkən gömrük orqanları tərəfindən Gömrük Məcəlləsinə və gömrük işi üzrə digər normativ hüquqi aktlara uyğun olaraq götürüləcək.

Sürətli (ekspres) daşınan malların bəyan olunması və gömrük rəsmiləşdirilməsi

Sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən keçirilən mallar əvvəlcədən gömrük orqanlarına bəyan olunacaq və onların daşınmasını həyata keçirən şəxslər tərəfindən gömrük orqanlarına təqdim ediləcək.

Sürətli (ekspres) daşınma yolu ilə gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların bəyan edilməsi və gömrük rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəştli və sadələşdirilmiş qaydada həyata keçiriləcək.

Sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün keçirilən mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük bəyannaməsi təqdim olunmaqla gömrük orqanlarına bəyan ediləcək.

Gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına müvafiq icazə əsasında yol verilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların gömrük rəsmiləşdirilməsi zamanı onları alan və göndərən şəxslər (həmin şəxslərin səlahiyyətli nümayəndələri) gömrük orqanlarına müvafiq icazə sənədini təqdim edəcəklər.

Qeyd edək ki, bu qanun layihəsi ilk dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 29-da keçirilən iclasında təqdim edilib.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirilib ki, layihənin əsas məqsədləri sırasında Azərbaycanın tranzit potensialının daha da inkişaf etdirilməsi, etibarlı tərəfdaşlıq institutunun təşviqi, gömrük əməliyyatlarında sadələşdirmələrin genişləndirilməsi, habelə gömrük nəzarətində müasir və çevik yanaşmaların tətbiqi xüsusi yer tutur.

Tranzit potensialının inkişaf etdirilməsi ilə bağlı yeniliklərdən danışan Şahin Bağırov multimodal daşımalarda “bir elektron bəyannamə” prinsipinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, beynəlxalq tranzit sistemlərinə inteqrasiya və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması kimi yeniliklər də Azərbaycanın tranzit ölkə kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.

Layihədə etibarlı tərəfdaşlığın təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklərdən bəhs edilərkən Səlahiyyətli İqtisadi Operator statusunun əhatə dairəsinin genişləndirilməsi və gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi barədə məlumat verilib.

Gömrük əməliyyatlarında sadələşdirmələrlə bağlı təklif olunan yeniliklər sırasında inzibati aktların elektronlaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, eləcə də Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqi xüsusi qeyd olunub.

Vurğulanıb ki, bu dəyişikliklər inzibati proseslərin legitimliyinin möhkəmləndirilməsinə, sahibkarlıq subyektlərinin üzərinə düşən inzibati yükün azaldılmasına və daha əlverişli hüquqi mühitin formalaşdırılmasına xidmət edəcək. Sənəddə, eyni zamanda, gömrük nəzarətinin və audit mexanizmlərinin hüquqi əsaslarının dəqiqləşdirildiyi, bu sahədə yeni prosedurların müəyyən olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, gömrük nəzarəti formalarının həyata keçirilməsi üzrə ayrıca qaydanın hazırlanması, həmin qaydalarda mütənasiblik, əsaslandırma, sənədləşdirmə, videoçəkiliş və şikayət mexanizmlərinin nəzərdə tutulması insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir.

Vurğulanıb ki, Gömrük Məcəlləsinin yeni redaksiyası gömrük tənzimlənməsinin daha çevik, şəffaf və biznesyönümlü modelə keçirilməsinə, xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli təşkilinə, ölkənin tranzit və logistika imkanlarının genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər