Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiq edib.
Fondun Nizamnamə kapitalı 1 milyon manatdır.
Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş vəsaitlərdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər mənbələrdən formalaşır. Fondun fəaliyyəti nəticəsində formalaşan müştərək sığorta fondunun qalığı ilkin olaraq Fondun müəyyən etdiyi həddə gözlənilən irihəcmli zərərlərin tənzimlənməsi üçün ehtiyatların formalaşdırılmasına və növbəti müddətə ödənilən sığorta haqlarında sığorta qaydalarına uyğun olaraq nəzərə alınmasına yönəldilir. İrihəcmli zərərlərin tənzimlənməsi üçün ehtiyatların formalaşdırılması qaydası Fond tərəfindən müəyyən olunur. Fondun aktivləri və təkrarsığorta təminatı onun öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət etmədikdə, öhdəliklərin təmin edilməsi üzrə əlavə maliyyə vəsaitinin cəlb edilməsi üçün Fond Maliyyə Nazirliyinə müraciət edir.
Fondun Nizamnaməsində dəyişikliklər edilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Fondun yenidən təşkili və ya ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Fondun idarəetmə orqanları Himayəçilik Şurası İdarə Heyətidir. Şura Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Bankın (1 nəfər), fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən olmaqla, 5 üzvdən ibarətdir. Şuranın üzvləri 3 il müddətinə təyin edilir və ictimai əsaslarla fəaliyyət göstərir. Onlar növbəti müddətlərə yenidən təyin edilə bilərlər. Şuranın 3 üzvünü (Kənd Təsərrüfatı Nazirliyinin və fermerlər assosiasiyasının nümayəndələrini) Kənd Təsərrüfatı Nazirliyi təyin edir. Şuranın 2 üzvünü aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:
– Maliyyə Nazirliyi;
– Bank.
Şuranın sədri Kənd Təsərrüfatı Nazirliyinin Şurada təmsil edilən üzvləri arasından Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təyin edilir. Şuranın sədri Şuraya rəhbərlik edir. Şuranın üzvü aşağıdakı tələblərə cavab verməlidir:
– ali təhsilli olmaq;
– ən azı 5 il iş təcrübəsinə malik olmaq.
Mülki Məcəlləsi ilə hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlər Şura tərəfindən həll edilir və Şura bu səlahiyyətlərə dair qərar qəbul etməkdə müstəqildir.
Şura idarəedici qurum tərəfindən hazırlanan aşağıdakı sənədlərin təsdiqinə razılıq verir:
– idarəedici qurumun aidiyyəti şəxslərlə bağlanılan əqdlərin müəyyənləşdirilməsi və araşdırılması üzrə təlimat;
– müştərilərlə ədalətli rəftar olunması üzrə təlimat;
– müştərilərə müvafiq məlumatların verilməsi, şəxsi məlumatlarının məxfiliyinin qanunvericiliyə uyğun olaraq qorunması üzrə təlimat;
– sığorta hadisəsi ilə bağlı zərərlərin vaxtında və ədalətli qiymətləndirilməsi, sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin sığorta tələbləri üzrə sığorta ödənişlərinin mümkün olan ən tez müddətdə ödənilməsi üzrə təlimat;
– sığortalıların və digər müştərilərin şikayətlərinə vaxtında baxılıb həll edilməsi üzrə təlimat;
– əhəmiyyətli risklərin mütəmadi olaraq müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarətdə saxlanılması məqsədilə risklərin idarə edilməsinin daxili qaydaları;
-aqrar sığorta sahəsində sığorta saxtakarlıqları ilə bağlı mübarizə üzrə qaydalar;
– sığorta əməliyyatları üzrə aşağıdakı məsələləri əhatə edən daxili siyasətlər:
a) dəqiq və düzgün aktuar hesablamaların aparılması;
b) sığorta müqavilələrinin portfelinin müxtəlifliyi;
c) anderraytinqin peşəkar səviyyədə həyata keçirilməsi;
d) sığorta məhsullarının işlənilib hazırlanması;
– subroqasiya tələbləri üzrə əməliyyatlar da daxil olmaqla, sığorta ödənişlərinin həyata keçirilməsi üzrə daxili siyasət;
– maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinin idarə olunması üzrə daxili siyasət;
– Fondun aktivlərinin və öhdəliklərinin idarə olunmasına, o cümlədən likvidlik və müxtəlifliyə dair səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş normativlər, digər zəruri norma və hədlərə riayət edilməsinə, aktiv və öhdəliklərin idarə olunmasına cəlb edilmiş
şəxsin öhdəliklərinə və səlahiyyətlərinə əməl etməsi məsələlərini əhatə edən strategiya və prosedur;
– birləşdirilmiş (konsolidə edilmiş) hesabatlar da daxil olmaqla, mühasibat uçotu, maliyyə hesabatları və vergi uçotu üzrə siyasət;
– sənədlərinin saxlanmasının təşkili, məlumatların qorunması və saxlanması qaydası, sığorta sirlərinin, kommersiya və xidməti sirlərin saxlanmasına əməl olunması üçün zəruri şərtlər, kommersiya və xidməti sirləri təşkil edən sənədlərin, xəbərlərin və məlumatların siyahısı, həmçinin onun dəyişdirilməsi qaydası;
– sığorta ehtiyatlarının formalaşdırılması, bölüşdürülməsi və uçotu üzrə daxili siyasət;
Şura aşağıdakı vəzifələri də yerinə yetirir:
– idarəedici qurum tərəfindən müəyyən edilmiş və razılaşdırılmış siyasətə, strategiyalara və təlimatlara ciddi riayət edilməsinə, şəraitin dəyişməsi nəzərə alınmaqla, bu sənədlərə
mütəmadi qaydada yenidən baxılmasına daimi nəzarəti həyata keçirir;
– Fondun kənar (müstəqil) auditor rəyi ilə birlikdə illik maliyyə hesabatlarını təsdiq edir;
– aidiyyəti şəxslə əqdin bağlanılması haqqında qərar qəbul edir;
– Fondun strukturunu təsdiq edir;
– İdarə Heyəti üzvlərinin mükafatlandırılması məsələsinə baxır;
– Fondun təsərrüfat cəmiyyətlərinin yaradılmasına, onun yenidən təşkili və ləğvinə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması və ya ləğvinə razılıq verir;
– idarəedici qurumun törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılmasına və ya ləğvinə razılıq verir;
– digər müəssisələrin səhmlərinin (paylarının) əldə olunması, istiqrazların emissiyası şərtləri barədə qərar qəbul edir;
– Fondun strateji məqsəd və planlarını, habelə inkişaf istiqamətlərini, büdcəsini və investisiya siyasətini təsdiq edir;
-Fondun fəaliyyətinin auditinin, habelə növbədənkənar auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir və kənar (müstəqil) auditorunu təyin edir;
– öz funksiyalarını yerinə yetirməsi üçün zəruri olan şifahi və yazılı hesabatların, eləcə də hər hansı digər sənədin təqdim edilməsini İdarə Heyətindən və idarəedici qurumdan tələb edir;
– daxili və kənar (müstəqil) auditor yoxlamalarının nəticələrinə baxır və bu yoxlamaların yekunları ilə əlaqədar tədbirlər görür;
– idarəedici qurum ləğv olunduqda və ya məhkəmə qərarı ilə müflis elan edildikdə, yeni idarəedici qurumun yaradılması ilə bağlı tədbirləri həyata keçirir;
– sığorta haqlarının dövlət büdcəsi hesabına ödənilməli olan hissəsinin ödənilməsi üçün qanunvericiliyə müvafiq qaydada Maliyyə Nazirliyinə müraciət edir.
Şuranın iclaslarını 3 ayda bir dəfədən az olmayaraq Şuranın sədri çağırır. Şuranın növbədənkənar iclaslarını onun üzvünün, İdarə Heyətinin və idarəedici qurumun təşəbbüsü ilə Şuranın sədri çağırır. Şuranın iclasları Şuranın ən azı 4 üzvü iştirak etdikdə
səlahiyyətlidir.
Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyəti 3 üzvdən – Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədrdən, müavindən və bir üzvdən ibarətdir. İdarə Heyətinin üzvləri 5 il müddətinə təyin edilir. Onlar növbəti
müddətə yenidən təyin edilə bilərlər. Şuranın üzvləri İdarə Heyətinə təyin edilə bilməzlər. İdarə Heyətinin iclası İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında qərarlar sadə səs
çoxluğu ilə qəbul olunur. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən sədr müavininin) səsi həlledici sayılır.
İdarə Heyətinin üzvləri aşağıdakı tələblərə cavab verməlidirlər:
– ali təhsilli olmalıdır;
– İdarə Heyətinin sədri – sığorta sektorunda, həmçinin sığorta tənzimlənməsi və nəzarəti sahəsində ən azı 3 il və ya digər maliyyə sahəsində ən azı 4 il, digər üzvləri – sığorta sektorunda, həmçinin sığorta tənzimlənməsi və nəzarəti sahəsində ən azı 2 il və
ya digər maliyyə sahəsində ən azı 3 il iş təcrübəsinə malik olmalıdır;
– qəsdən törədilmiş cinayətə görə məhkumluğu olmamalıdır;
– mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç bir məhkumluğu olmamalıdır;
– İdarə Heyətinin üzvü vəzifəsini tutmasına dair məhkəmə qərarı ilə qadağa qoyulmamalıdır.
Bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.