Qarşıdan yeni təhsil ili gəlir. Təbiidir ki, təhsil iliylə bağlı şagird və ya tələbə olan ailələrin müəyyən xərcləri yaranır.
İllərdir ki, Banklar sentyabr ayında müvafiq xərclərin qarşılanması məqsədilə müxtəlif aksiyalar və kampaniyalar keçirirlər. Yalnız bu il, bəzi Banklarımızda fərqli konseptdə olan məhsulla qarşılaşdıq. Bu məhsul ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi məqsədilə təklif edilən kreditlərdir. Məhsulun adi nağd kreditdən əsas fərqi ondan ibarətdir ki, ayrılmış kredit məbləği müştəriyə nağd şəkildə verilmir, birbaşa olaraq təhsil müəssisəsənin hesaba köçürülür. Həmçinin bu kreditlər üzrə illik faiz dərəcələri kifayət qədər aşağıdır. Kredit üzrə tələbənin rəsmi gəliri olan ailə üzvləri müraciət edə bilərlər. Müvafiq məhsul bazara ilk öncə Bank Respublika tərəfindən təqdim edildi, ardınca Azər-Türk Bank və Bank VTB də oxşar məhsulları təqdim etdilər. Hal – hazırda yalnızca yuxarıda qeyd edilən Banklar tərəfindən ayrılan kredit məhsulunun şərtlərini müqayisəli formada Sizlərə təqdim etmək istərdik:
Banklar / Şərtlər | Bank Respublika | Azər – Türk Bank | Bank VTB |
Kreditin məbləği | 10 000 AZN – dək | 5000 AZN-dək | 30 000 AZN-dək |
Kreditin müddəti | 12 ay | 24 ay | 60 ayadək |
İllik faiz dərəcəsi | 20% | 12 ay – 18%
24 ay – 19% |
Girovla – 19%
Girovsuz – 21% |
Komissiya | 1% | 1% | Hər tranş üzrə 0.5% |
Zaminlik tələbi | 3000 AZN-dək zaminsiz | Fərdi baxılır | Fərdi baxılır |
Qeydlər:
- Bank Respublika və Bank VTB müvafiq layihəni ayrıca məhsul kimi təqdim etsə də, Azər-Türk Bankda kampaniya şəklində təqdim edilir. Kampaniya müddəti 30 sentyabr 2018-ci ilə qədərdir.
- Bank Respublikanın təqdim etdiyi məhsulda ayrılan kredit nəinki ölkədaxilində hətta ölkəxaricində belə təhsil alan tələbənin təhsil haqqının ödənilməsinə yönləndirilə bilər.
- Bank VTB-nin təklifində ayrılan məbləğ təhsil müddəti ərzində tranşlarla köçürülür.