15 C
Baku
Friday, March 29, 2024

ARDNF-in portfelində 5%-ə sahib olan funt ilin ən pis valyutası seçilib, iri yatırımlar özünü doğruldur

“Bloomberg” agentliyi dünyanın 31 əsas valyutasının ABŞ dollarına qarşı məzənnəsindəki dinamikanı araşdırıb.

APA xəbər verir ki, ilin əvvəlindən ABŞ dollarına nisbətdə ən çox ucuzlaşan valyuta Böyük Britaniya funt sterlinqi olub. Agentliyin araşdırması göstərir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan (“Brexit”) sonra funt ABŞ-ın milli valyutasına nisbətən 3 həftədir ucuzlaşır: “İlin əvvəlindən Böyük Britaniya valyutası dollara nəzərən 13% ucuzlaşıb ki, bu da son 31 ildə ən pis göstərici sayılır. Bununla, funt sterlinq dollara nisbətən ən çox ucuzlaşan valyutalar arasında Argentina pesosunu qabaqlayıb”.

“Societe Generale” bankının iqtisadçısı Kit Caksın proqnozuna əsasən “Brexit”dən sonrakı qeyr-müəyyənlik səbəbi ilə funt sterlinqin ucuzlaşması davam edəcək.

Qeyd edək ki, iyulun 6-da funt sterlinqin məzənnəsi 1,2798 dollara qədər ucuzlaşıb ki, bu da son 31 ildə ən aşağı göstəricidir. İyunun sonlarında “Financial Times” nəşrinə analitikləri bir neçə həftə ərzində funtun məzənnəsinin 1,1 dollar ucuzlaşacağını proqnozlaşdırıb. Referendumdan əvvəl milyarder Corc Soros isə funt sterlinqin 20% ucuzlaşacağı ilə bağlı xəbərdarlıq edib.

Ümumilikdə, ilin əvvəlindən dollarla müqayisədə Britaniya funtu və Argentina pesosu ilə yanaşı, Meksika pesosu, Çin yuanı, Polşa zlotısı, Hindistan rupisi, İsveç kronu, Türkiyə lirəsi və Honq Konq dolları da dəyərdən düşüb.

31 əsas valyuta arasında digər 22 valyuta ABŞ dollarına münasibətdə bir qədər möhkəmlənib. Dollarla müqayisədə ən az İsrail şekeli, ən çox isə Yaponiya yeni bahalaşıb.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya siyasətinə əsasən fondun investisiya portfelinin vəsaitinin 50%-i ABŞ dolları, 35%-i avro və 5%-i ingilis funt sterlinqi ilə ifadə olunan aktivlərə, digər 10%-i isə Azərbaycan prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ARDNF-nin valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın 2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş – G7 (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” (Standard and Poor`s, Fitch) və ya “A2” (Moody`s) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.

Fondun investisiya portfelinin həcmi 33,6 mlrd. dollardır.

Qeyd edək ki, ARDNF-in bir qədər əvvəl yaydığı açıqlamada bildirilib ki, fondun istər maliyyə alətləri, istərsə də valyutalar üzrə yüksək diversifikasiyası onun hazırkı investisiya portfelinin qorunmasına şərait yaradır: “Valyuta məzənnələrindəki qısamüddətli dəyişkənlikdən yaranan fərqə gəldikdə, ARDNF-nin portfelinin aktivlər üzrə olduğu kimi müxtəlif valyutalar üzrə də diversifikasiya olması bu dəyişkənliyin son nəticədə portfelə nə zərər, nə də mənfəət mənbəyi olaraq hesab olunmur və gəlirliliyin hesablanmasında da nəzərə alınmır”.

Əlavə edək ki, ARDNF həmçinin Çinin qiymətli kağızlarına 3 mlrd. yuan (500 mln. dollar) yatırıb.

Bundan başqa, suveren fond Rusiyanın VTB bankında 2,95% səhm paketinə yiyələnmək üçün 3 mlrd. rubl xərcləyib.

Son xəbərlər
Digər xəbərlər