“Azərbaycan Sənaye Bankı” ASC (ASB Bank) aktivlərini son 3 ay ərzində 10 faiz böyüdə bilsə də 9 ay öncəki vəziyyətinə qaytara bilməyib.
Banker.az xəbər verir ki, bu barədə ASB Bank-ın 2019-cu ilin ilk rübünə olan maliyyə hesabatında deyilir.
Hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 903,67 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizdən çox kiçilmə olması deməkdir – ötən ilin II rübünün sonu bankın cəmi aktivləri 1 mlrd. manatdan çox idi.
Bankın aktivlərinin böyüklüyünə rəğmən cəmi 33 faizi, yəni, 294,86 mln. manatı müştərilərə verdiyi kreditdir.
Aktivlərində isə azalmanın əsas səbəbi digər maliyyə qurumlarına yatırdığı depozitlərin kəskin, yəni 1,8 dəfə azalmasıdır. Ötən aktivlərdə bu növ yatırımların payı 66 faiz təşkil etdiyi halda bu il 42%-ə enib.
Hazırda bankın cəmi öhdəlikləri 808 mln. manat təşkil edib ki, bunun da 634,96 mln. manatı depozit portfelidir. Bankın depozitlərinin həcmi il ərzində 8 faiz böyüyüb.
Xatırladaq ki, ASB Bank-ın səhmlərinin 98,43% hissəsi “Azersun Holdinq” MMC-yə yaxın olan “Anadolu Investment” Şirkətinə məxsudur.