28 C
Baku
Saturday, July 27, 2024

Asiya İnfrastruktur İnvestisiya Bankı Banqladeşə 170 milyon dollar ayırıb

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Banqladeşə su-kanalizasiya sisteminin təkmilləşdirilməsi layihəsi üçün 170 milyon ABŞ dolları kredit ayırıb.

Bankın Pekindəki mənzil-qərargahından bildirilib ki, bununla AIIB-in Banqladeşə ayırdığı ümumi kredit məbləği 1 milyard dolları ötüb.

Paytaxt Dəkkədə kanalizasiya sisteminin qurulmasına və yenilənməsi layihəsi Dünya Bankı ilə birgə maliyyələşdirilir. AIIB-in ayırdığı vəsait iki magistral xəttin yenidən qurulmasına, 2-ci və 3-cü dərəcəli şəbəkələrin, eləcə də çirkab su təmizləyici qurğuların tikintisinə yönəldiləcək. İnvestisiyaların digər əsas komponentləri Dəkkənin su təchizatı və kanalizasiya sisteminin idarə edilmə potensialının gücləndirilməsini əhatə edir. Bu, Asiya İnfrastruktur İnvestisiya Bankının Banqladeşdə maliyyələşdirdiyi 8-ci layihədir.

Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. AIIB fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla 70 layihəyə ümumilikdə 13,77 milyard dollar kredit ayırıb.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər