Dizel qalmaqalı ilə əlaqədar olaraq “Volkswagen” qrupuna daxil olan “Audi” avtokonserni 800 milyon avro ödəyəcək.
Banker.az “Finansa” resursuna istinadən xəbər verir ki, bu barədə “Volkswagen”in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, “Audi” Almaniya prokurorluğu tərəfindən qoyulan cərimə ilə razıdır. Bu məbləğ ödənildikdən sonra avtokonsernə qarşı araşdırma başa çatacaq.
“Volkswagen” vurğulayır ki, cərimənin ödənilməsi avtomobil istehsalçısının maliyyə göstəricilərinə bilavasitə təsir edəcək.
Xatırladaq ki, daha əvvəl ABŞ-da “Volkswagen” zərərli maddələrin tullantı göstəricilərini aşağı salmaqda ittiham edilib. Bununla əlaqədar ABŞ hakimiyyəti Alman konsernini 2009-2015-ci illərdə ölkədə satılmış “Volswagen” və “Audi” markalı 482 min minik avtomobilinin geri çağırmağa sövq etdi. Apreldə isə “Volkswagen” istehlakçılardan avtomobillərin geri alınmasına və lazım olan təzminatları ödəməyə dair razılığa gəldi.