Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə özəl sektorun inkişafına təkan verəcək layihələr müzakirə edilib.
Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak bildirib ki, ölkəmizə səfəri çərçivəsində önəmli görüşlər keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünün əhəmiyyətindən danışan qonaq ölkəmizə səfərinin Avropa İnvestisiya Bankı ilə Azərbaycanın özəl sektoru arasında yeni əməkdaşlıq imkanlarının yaranacağına ümid etdiyini bildirib.
Vazil Hudak bildirib ki, Avropa İnvestisiya Bankı yeni innovasiya xarakterli layihələri dəstəkləməyə hazırdır. Bugünədək mikrokreditlər, kiçik və orta sahibkarlara maliyyə yardımı etdiklərini deyən qonaq böyük investisiya layihələrini dəstəkləməyə hazır olduqlarını bildirib. Onlara müraciət edən layihələrin ekspertlər tərəfindən dəyərləndirildikdən sonra qəbul edildiyini qeyd ediblər. V. Hudak bildirib ki, şərtlərə əsasən maliyyə dəstəyindən faydalanmaq istəyən şirkətlər ən azı 12 il fəaliyyət göstərməli və təqdim edilən layihənin dəyərinin 50%-ni (15 milyon ABŞ dollardan az olmamaq şərtilə) qarşılamalıdırlar.
“Avropa İnvestisiya Bankı layihəni dəyərləndirdikdən sonra büdcənin qalan hissəsini qarşılaya bilər. İstisna olaraq, enerji layihələrin 75%-ni dəstəkləməyə hazırıq. Lakin, həmin şirkətlərin müvafiq balans hesabı olmalıdır. Biz həmçinin yerli tərəfdaşlarla birgə əməkdaşlığa hazırıq,”- deyə V.Hudak bildirib.
Məmməd Musayev bildirib ki, Avropanın nüfuzlu təşkilatının Azərbaycan Sahibkarlar Konfederasiyası ilə görüşündən məmnundur. Ölkəmizin özəl sektorun inkişafına göstərilən dövlət qayğısından söhbət açan M.Musayev ÜDM özəl sektorun payının artmasını, günü-gündən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətlərinin sayının artdığını qeyd edib. M.Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının Avropa İnvestisiya Bankı ilə əməkdaşlığa hazır olduğunu deyib.
Daha sonra gələcək əməkdaşlıaqla bağlı geniş fikir mübadiləsi aparılıb.