Avropa Parlamenti dekabrın 15-də keçirilən iclasında 1932-1933-cü illərdə baş vermiş “Qolodomor” faciəsini Ukrayna xalqına qarşı soyqırımı olaraq tanıyıb.
Məlumatı UNN yayıb.
Belə ki, məsələ ilə bağlı 507 deputat sənədin lehinə, 12 deputat əleyhinə səs verib. Daha 17 deputat isə bitərəf qalıb.
Bildirilib ki, qəbul edilmiş qətnamədə Ukrayna xalqı ilə həmrəylik ifadə olunur, Stalin rejiminin süni aclıq təşkil etmək istiqamətində məqsədyönlü fəaliyyəti nəticəsində həlak olan milyonlarla insanın xatirəsi ehtiramla yad edilir.
Qeyd edək ki, “Qolodomor” qurbanlarının xatirə günü rəsmi olaraq 1998-ci ildən qeyd edilir.
“Qolodomor” hadisəsi 1932-ci ilin aprelindən 1933-cü ilin noyabrına qədər davam edib. Tədqiqatçılar azı 3 milyon uşaq da daxil olmaqla 7 milyondan çox ukraynalının dünya tarixində tayı bərabəri olmayan insanlığa qarşı bu cinayətin qurbanı olduqlarını iddia edirlər.