Avropa İttifaqında (Aİ) ümumi qaz ehtiyatları bütün tarixi ərzində mütləq maksimuma çatıb.
Bu nəticəyə “Gas Infrastructure Europe”un məlumatlarına əsasən gəlinib.
Hazırda Avropanın yeraltı qaz anbarları 97,89% doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 8,54 faiz bəndi çoxdur) ki, burada 107,75 milyard kubmetr qaz var. Avropa ölkələri hələ avqustun ortalarında öz yeraltı anbarlarını isitmə mövsümü üçün nəzərdə tutulan 90%-ə qədər qazla doldurublar. Daha əvvəl Avropa Komissiyası belə göstəricilərə yalnız noyabr ayına qədər nail olunacağını gözləyirdi.
Bundan əvvəl Aİ-nin yeraltı qaz anbarlarının mütləq maksimum doluluğu 28 oktyabr 2019-cu ildə müşahidə edilib ki, bu da 97,84% təşkil edib.
Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi daha əvvəl Avropanın öz qaz anbarlarını, demək olar ki, 100%-ə qədər doldura biləcəyini bildirmişdi. Lakin vurğulamışdı ki, hətta yüksək həcmdə ehtiyatlar belə, qış soyuq keçəcəyi və Rusiyadan qaz nəqli tamamilə dayandırılacağı halda bazarda qeyri-sabitliyə səbəb ola bilər. Beynəlxalq Enerji Agentliyi, həmçinin, ehtimal edib ki, qarşıdan gələn istilik mövsümünün sonuna qədər Aİ-nin yeraltı qaz anbarlarında ehtiyatlar kritik 20%-dən aşağı düşə bilər.