20 C
Baku
Saturday, May 25, 2024

Azərbaycan şirkətləri Belarus birjası ilə əməliyyatları artıracaq

Belarus Universal Ticarət Birjası (BUCE) və Azərbaycanın bu ölkədəki səfirliyi əməkdaşlıq edəcək.

Məqsəd Azərbaycanın biznes nümayəndələrinin BUCE vasitəsilə ticarət əməliyyatları aparmağa təşviq etməkdir.

“Səfirliyin əsas məqsədlərindən biri ölkələr arasında ticarətin və iqtisadi əlaqələrin inkişafına kömək etməkdir. Belarus mallarının Azərbaycana və əks istiqamətdə tədarükünü artırmaq üçün birja ticarəti böyük üstünlüklər verir, xaricdə iş ortaqları axtarma ehtiyacını aradan qaldırır və daha əhəmiyyətlisi istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaradır. Buna görə biz birja əməliyyatlarının faydaları barədə Azərbaycan biznes nümayəndələrini məlumatlandırmaq və bu mexanizmdən istifadə etməyi tövsiyə etmək üçün BUCE ilə səyləri birləşdirməyə hazırıq”, – Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bildirib.

Səfirin sözlərinə görə, qeyri-rezident şirkətlərin akkreditasiya prosedurunu asanlaşdırmaq barədə BUCE-nin verdiyi qərarı dəstəkləyirlər və bu addım xarici ticarətlə məşğul olan biznesmenlər arasında birja ticarətinin artmasına kömək edəcək.

Birja əməliyyatları ilə Azərbaycan şirkətlərinə satılan məhsulların çeşidlərinin genişləndirilməsinin vacibliyini vurğulayan BUCE-nin İdarə Heyətinin sədri Aleksandr Osmolovski isə bildirib: “BUCE-də ümumilikdə 33 Azərbaycan şirkəti akkreditə olunub. Ötən il bu şirkətlərin apardığı birja əməliyyatlarının dəyəri 2 dəfə artaraq 14,2 milyon ABŞ dollarına çatıb. Səfirliyin perspektivli məhsulların siyahısını tərtib etməkdə və Azərbaycanda BUCE brokeri olacaq etibarlı bir şirkət tapmaqda kömək edəcəyinə ümid edirik. İstədiyimiz nəticələri yalnız birlikdə çalışaraq əldə edə bilərik”.

©Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər