1 C
Baku
Thursday, February 29, 2024

Azərbaycanda Büdcə Məcəlləsi qəbul edilə bilər

“Büdcə Məcəlləsinin Azərbaycanda qəbul edilməsi çox vacibir. Çünki büdcə dövlətin əsas sənədidir. Həmin sənəd əsasında da dövlət fəaliyyət göstərir”.

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Azərbaycanda “Büdcə sistemi haqqında” kafi qanun var.
“Büdcə Məcəlləsi qəbul olunmadığına görə, həmin qanuna uyğun olaraq da büdcə sistemi tənzimlənir. Büdcə Məcəlləsi qəbul olunacağı təqdirdə, orada maliyyə nöqsanları da öz əksini tapa bilər. Hətta Büdcə Məcəlləsinə büdcənin şəffaflığı, nəzarət mexanizmi və bir sıra yeni maddələr də əlavə etmək olar”.

vahid 334ahmedov ehmedov
Vahid Əhmədov, Millət vəkili

Qeyd edək ki, Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində (2017-ci ilin birinci rübündə aparılmış auditlər) bildirilib ki, Azərbaycan Respublikasında Büdcə Məcəlləsi qəbul olunmadığı üçün dövlət maliyyə nəzarəti aparılarkən aşkar edilən pozuntuların təsnifləşdirilməsi əsasən “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” Qanunların, digər aidiyyəti olan qanun və məcəllələrin, habelə nəzarət obyektinin fəaliyyətini tənzimləyən normativ-hüquqi sənədlərin təhlili əsasında işlənib hazırlanmalı və qanunvericilik aktlarının tələblərinin pozulması hallarını əhatə etməlidir.

“Nəinki Hesablama Palatasının, həmçinin maliyyə nəzarətinin digər qollarının da həyata keçirdiyi tədbirlərdə vahid təsnifatdan istifadə isə pozuntuların eyniləşdirilməsinə xidmət etməklə, maliyyə inzibatçılığının gücləndirilməsinə xidmət edəcək”, -deyə Hesablama Palatasının rəqundə qeyd edilib.

Büdcə Məcəlləsi – büdcə qanunvericiliyinin dövlət (ictimai) maliyyəsinin dəyişən reallıqlarının nəzərə alınması, institusional bazanın (o cümlədən, büdcə planlaşdırılmasının) gücləndililməsi, büdcə proseslərinin modernizasiyası, kənar və daxili maliyyə nəzarəti arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində vahid yanaşmanı təmin edən hüquqi bazadır.

Büdcə münasibətləri subyektlərinin hüquqi statusu, ölkənin büdcə sisteminin təşkili və fəaliyyəti, büdcə proseslərinin məzmunu və tənzimlənməsi, büdcə inzibatçılığının təkmilləşdirilməsi, dövlət maliyyə nəzarəti aparılarkən müəyyən edilən pozuntuların təsnifləşdirilməsi, büdcə qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyətin əsasları və növləri, büdcə sahəsində fəaliyyətlə bağlı pozuntuların kodlaşdırılması, büdcə münasibətlərinin tənzimlənməsində vahid sistemin yaradılması, büdcələr arasında müxtəlif səviyyələrdə qarşılıqlı münasibətlərin tənzimlənməsi, xərc normaları və s. bu kimi vacib məqamları əhatə edən Büdcə Məcəlləsinin qəbul olunması zəruridir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər