23 C
Baku
Wednesday, May 29, 2024

Azərbaycanda çeklərlə hesablaşma mexanizminin tətbiqi ilə bağlı proqram hazırlanacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının işçi qrupunun geniş iclası keçirilib.

AMB-dən verilən məlumata görə, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, bank nümayəndələri və sahibkarlarla birgə keçirilən toplantının əsas məqsədi ölkədə çeklərlə hesablaşmaların tətbiqi mexanizminin araşdırılmasından ibarət olub.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev çıxış edərək bildirib ki, cari ilin əvvəlində Mərkəzi Bankın sədri Elman Rüstəmovun Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası və sahibkarlarla birgə keçirilən görüşündə irəli sürülən mühüm təkliflərdən biri çeklərlə hesablaşma məsələlərinin araşdırılması və tətbiqi imkanlarının qiymətləndirilməsi ilə bağlı olub.

A. Quliyev qeyd edib ki, sözügedən istiqamətdə irəli sürülən məsələlərin Mərkəzi Bank tərəfindən dərindən araşdırılmasına başlanılmış, bununla bağlı işçi qrupun üzvlərindən ibarət nümayəndə heyətinin Türkiyənin “Ziraat Bankı” ilə təcrübə mübadiləsi aparılmış, çeklərlə hesablaşmaların Türkiyə modeli əsasında nəzəri və təcrübi xüsusiyyətləri ətraflı öyrənilib.

Eyni zamanda vurğulanıb ki, araşdırmaların və təcrübə mübadiləsinin nəticələri 5 mart 2020-ci il tarixində Mərkəzi Bankda Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Aqrar Kredit və İnkişaf Agentliyi, həmçinin Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Banklar Assosiasiyasının rəhbərləri ilə birgə kənd təsərrüfatının kreditləşdirilməsi məsələləri ilə bağlı keçirilən görüşdə müzakirə edilmiş, çeklərlə hesablaşmalar ölkədə kiçik və orta sahibkarlığın maliyyələşməsi imkanlarının genişlənməsi, girov imkanlarının yaxşılaşması, biznes subyektləri arasında hesablaşmaların şəffaflaşması istiqamətində effektiv alət kimi qiymətləndirilib.

A. Quliyev bildirdi ki, çeklərlə hesablaşma mexanizminin tətbiqi təşəbbüsləri Azərbaycan Mərkəzi Bankı tərəfindən dəstəklənərək sahibkarların müzakirəsinə təqdim olunması məqsədəuyğun hesab olunub.

Sonra görüş iştirakçıları üçün qabaqcıl beynəlxalq təcrübələrdə, xüsusən Türkiyə modelində effektiv maliyyələşmə aləti kimi çeklərlə hesablaşma mexanizminin xüsusiyyətləri mövzusunda təqdimat keçirilib. Təqdimatda çekdən istifadənin özəllikləri barədə ətraflı məlumat verilərək qeyd edilib ki, bu mexanizmin tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət dövriyyəsinin artmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, sahibkarlar tərəfindən gələcək valyutalaşma tarixində ödənişlərin həyata keçirilməsi, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaq.

Daha sonra qeyd olunan məsələlər ətrafında sahibkarlar, eləcə də maliyyə-bank sektoru nümayəndələri tərəfindən geniş müzakirə aparılıb. Ölkədə çeklərlə hesablaşmaların tətbiqi təşəbbüslərinin tezliklə reallaşdırılması biznes nümayəndələri tərəfindən dəstəklənərək bildirilmişdir ki, qeyd olunan üstünlüklərlə yanaşı bu mexanizmin formalaşdırılması nəticəsində vədəli satış əməliyyatlarında güvənliliyin artması ilə sahibkarlar arasında qarşılıqlı inam güclənəcək, biznesin maliyyəyə çıxış imkanları əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

İclasın yekununda bildirilib ki, sözügedən məsələlərin sahibkarlar tərəfindən yüksək dəstəklənməsi nəzərə alınmaqla ölkədə çeklərlə hesablaşma mexanizminin tətbiqi ilə bağlı proqram hazırlanacaq, müvafiq qanunvericilik çərçivəsi, eləcə də texnoloji və idarəetmə infrastrukturu ilə bağlı məsələlərin həllinə başlanılacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər