11 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Azərbaycanda elmi işlərin müdafiəsi sahəsində edilən dəyişikliklər açıqlanıb

“Ali Attestasiya Komissiyasının (AAK), demək olar ki, bütün fəaliyyət istiqamətlərində müəyyən dəyişikliklər və yeniliklər olub”.

Bunu AAK-nın sədri Famil Mustafayev rəsmi qəzetə müsahibəsində bildirib.

Onun sözlərinə görə, dissertasiya şuralarının səlahiyyət müddəti 3 il müəyyən edilib, bir ay ərzində 4 fəlsəfə doktoru və ya 2 fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiyasının müdafiəsinin keçirilə biləcəyi nəzərdə tutulub: “Digər dəyişiklik dissertasiya şuralarının tərkibi ilə bağlıdır. Yeni qaydalara görə, fəlsəfə doktoru dissertasiyasının müdafiəsində ixtisas üzrə, azı, 3, elmlər doktoru dissertasiyasının müdafiəsində ixtisas üzrə, azı, 5 elmlər doktoru olmalıdır. Bu halda hər bir ixtisas üzrə dissertasiya şurası üzvlərinin sayı bərabər və 5 nəfərdən az olmamalıdır”.

Sədr qeyd edib ki, dissertasiya şurası bir neçə ixtisas üzrə, ən azı, 2, ən çoxu, 4 ixtisas üzrə yaradıla bilər: “Üzvlərinin sayı 10 nəfərdən az, 28 nəfərdən çox olmamalıdır. Yüksəkixtisaslı əcnəbi mütəxəssislər dissertasiya şurasının tərkibinə daxil edilə bilərlər. Dissertasiya şurasının tərkibində müvafiq ixtisas üzrə elmlər doktorlarının sayını təmin etmək mümkün olmadıqda, həmin ixtisas üzrə elmi və elmi-pedaqoji fəaliyyətə görə professor elmi adı almış fəlsəfə doktorları, o cümlədən mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan professor elmi adı almış elmi və elmi-pedaqoji kadrlar elmlər doktorlarını əvəz edə bilərlər”.

“Əvvəllər dissertasiya müdafiələrində aparıcı təşkilatlar təyin olunurdu. Bu formal xarakter aldığından komissiya aparıcı təşkilat institutunu ləğv etdi, əvəzində opponentlərin sayını artırdı. Yeni qaydalara əsasən, fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi üzrə 3, elmlər doktoru dissertasiyalarının müdafiəsi üzrə isə 4 nəfər opponent olur. Dissertasiyanın müdafiəsi prosesində dissertasiya işi ilə dərindən tanış olaraq ona rəy bildirən məhz opponentlər olduğundan, düşünürəm ki, onların sayının artırılması ilə elm tutumlu, böyük əhəmiyyət kəsb edən problemin yeni həllini təklif və təmin edə biləcək dissertasiyaların sayı da çoxalacaq.

Yeni qaydalarda iddiaçıdan yalnız xarici dil və müvafiq ixtisasdan imtahan vermək tələb olunur ki, bu da Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” ilə müəyyən edilib. Doktoranturaya qəbul zamanı Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanında keçid balı 50 ballıq sistemdən 25 bal müəyyən edilib. “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na əsasən, əgər xarici dil üzrə qəbul imtahanının nəticəsi 35 baldan yüksək olarsa, iddiaçılar dissertasiyalarını beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar. Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatı əldə etmiş doktorantlar da həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar”, – F.Mustafayev vurğulayıb.

O bildirib ki, fəlsəfə doktoru imtahanları ilə bağlı məsələ yalnız kəmiyyət deyil, həm də keyfiyyət dəyişikliyi ilə səciyyələnir: “Əvvəlki dövrdə eyni ixtisas üzrə imtahanlar respublikanın müxtəlif təşkilatlarında fərqli proqramlar əsasında keçirilirdi, hazırda imtahanlar komissiya tərəfindən baxılmış və təsdiqlənmiş proqramlar üzrə keçirilir. Yaxın zamanlarda isə eyni ixtisas üzrə fəlsəfə doktoru imtahanları bütün müəssisə və təşkilatlarda komissiya tərəfindən təsdiq edilmiş vahid proqramlar əsasında təşkil olunacaq. İlk dəfə olaraq, bütün müdafiə olunacaq dissertasiyaların aftoreferatları bir ay öncədən Azərbaycan, rus və ingilis dillərində komissiyanın saytında yerləşdirilir”.

Son xəbərlər
Oxşar xəbərlər
X