24 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanda kartof və soğan BAHALAŞDI – QİYMƏTLƏR

2022-ci ildə Azərbaycanda qiymətləri ən çox artan məhsullar tərəvəzlər olub.

Tərəvəzlərin qiyməti orta hesabla 56.1 faiz artıb.  Belə yüksək qiymət artımı digər ərzaq mallarında, hətta qeyri-ərzaq və pullu xidmətlərdə müşahidə olunmayıb.

2022-ci ilin orta qiymət səviyyəsi ilə 2021-ci ilin orta qiymət səviyyəsinin müqayisəsi göstərir ki, əsas tərəvəz məhsullarında ciddi qiymət artımı baş verib.

Əsas tərəvəz məhsulu kartof və baş soğandır. Bu məhsulların istehlak miqdarı digərlərindən daha çoxdur. Demək olar ki, hər gün əhali kartof və baş soğan istehlak edir.

Son bir ildə kartofun qiyməti orta hesabla 70 qəpikdən 1 manat 5 qəpiyə qədər yüksəlib. Ümumi qiymət artımı 48 faiz təşkil edib.Baş soğanda orta qiymət 55 qəpikdən 1 manata yüksəlib. Bu əsas tərəvəz məhsulunun dəyərində 81 faizdən çox artım qeydə alınıb. 

 

Digər əsas tərəvəz məhsullarından göyərtilərin dəyəri sabit qalıb.

Lakin başqa tərəvəz məhsullarında nəzərəçarpacaq qiymət artımları olub. O cümlədən, quru noxud 51 faiz, mərci 34 faiz, quru lobya 18 faiz, göy lobya 54 faiz, pomidor 92 faiz, istixana pomidoru 26 faiz, badımcan 82 faiz bahalaşıb.

Qiymət azalması yalnız xiyarda (35 faiz), süfrə çuğundurunda (23 faiz) və yerkökündə (8 faiz) qeydə alınıb.

Tərəvəz məhsullarının dəyərinin çox böyük sürətlə artması ərzaq qiymətlərindəki artım sürətini də gücləndirib. Qiymətlərdəki dəyişikliyin təhlili göstərir ki, əgər tərəvəzlərdə qiymət artımının sürəti bu qədər böyük olmasaydı, ümumən ərzaq qiymətlərində 20 faizlik artım baş verməyəcəkdi.

Son xəbərlər
Digər xəbərlər