26 C
Baku
Bazar ertəsi, May 23, 2022

Azərbaycanda kreditə avtomobil alarkən ilkin ödəniş yarıya endirilə bilər

Azərbaycanda avtomobil kreditlərində müəyyən güzəştlərin edilmə ehtimalı müzakirə mövzusudur. Hazırda daha çox elektrik mühərrikli və hibrid avtomobillərin kreditləşməsində güzəştlərin tətbiqi gözlənilir. Bəs bu güzəştləri nəzərdə tutan yeni kreditləşmə qaydaları özündə nələri ehtiva edəcək?

Ekspert Xalid Kərimov  bildirib ki, hazırda banklar kredit verərkən Mərkəzi Bankın müəyyənləşdirdiyi normativlərə əsaslanırlar. Burada ilkin ödənişin məbləği, maliyyə sabitliyi, əlaqədar riskin qiymətləndirilməsi, kredit götürənin tələbləri və s. göstəricilər var.

“Hazırda Mərkəzi Bank tərəfindən elektrik mühərrikli və hibrid avtomobillərin kreditləşməsi üzrə yeni normativlərin müəyyən edilməsi, güzəştlərin tətbiqi imkanları araşdırılır. Qeyd edilən məsələ bu istiqamətdə mümkün yumşalmaların, güzəştlərin tətbiqidir. Hazırda bütün ölkələr, xüsusilə də inkişaf etmiş dövlətlər daha çox elektrik mühərrikli avtomobillərin istehsalına və istehlakına can atırlar”.

X.Kərimov elə bu səbəbdən də Azərbaycan Mərkəzi Bankı tərəfindən əhalinin maşın alarkən əlverişli şərtlərlə kredit götürmək imkanlarını tətbiq etməsini həm məqsədəuyğun, həm də düzgün hesab edir. O bildirir ki, inkişaf etmiş ölkələrdə yeni elektrik mühərrikli avtomobillərin alış şərtləri köhnə avtomobillərin alışı zamanı olan şərtlərdən dəfələrlə yaxşıdır: “İnkişaf etmiş ölkələr çalışırlar ki, avtomobil sənayesini dəstəkləməklə həm də ətraf mühitə daha az tullantı atılmasına nail olsunlar. Çünki yeni avtomobillərdə tullantıların miqyası dəfələrlə aşağıdır.

Azərbaycan hökuməti 2022-ci ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışını 3 il müddətinə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. Bu addım onların alışı zamanı satışın kreditləşməsi şərtlərinin yaxşılaşdırmasını tələb edir”.

Azərbaycanda fəaliyyət göstərən banklardan birinin baş kredit mütəxəssisi Emil Əliyev isə bu məsələyə ehtiyatla yanaşır və güzəştlərin tətbiqinin yalnız dövlət layihəsi ilə ola biləcəyini deyir:

“Özəl bankların bunu həyata keçirməyi inandırıcı deyil. Belə güzəştləri daha çox Beynəlxalq Bank və ya Kapital Bank kimi nəhəng banklar edə bilər. Digər bankların buna qoşulacağını düşünmürəm. Çünki hibrid mühərrikli avtomobillərin qiymətləri baha olur. Düşünmürəm ki, bu, yaxın 5 il ərzində baş verəcək bir layihədir”.

Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının kommunikasiya direktoru Ramin Musayev deyib ki, kreditləşmə bütün avtomobillər üçün eynidir:

“Avtomobilin qiymətindən, ilindən asılı olaraq 40 % və ya 50 % ilkin ödəniş etmək lazımdır. Bu da problemdir. Çünki çox adam bu qədər ilkin ödəniş etməkdənsə, gedib köhnə avtomobil alır. Biz Assosiasiya olaraq hökumətlə, Mərkəzi Bankla danışıqlar aparırıq ki, avtomobillərin kreditləşməsində müəyyən güzəştlər olunsun. Avtomobil alarkən ilkin ödəniş heç olmasa 25 %-ə kimi aşağı salınsın. Artıq bir neçə ildir ki, biz buna nail olmaq istəyirik”.

 

 

Mənbəreport.az
Son xəbərlər
Oxşar xəbərlər