Azərbaycanda niyə onlayn mağazalar inkişaf etmir?

Azərbaycanda internet xidmətlərinin inkişafı digər ölkələrdən geri qalsa da, sürətlə inkişaf etməkdə davam edir. Bu xidmətlərin həyatımıza gətirdiyi rahatlıq və geniş imkanların əvvəlki təcrübələrimiz ilə müqayisədə dəfələrlə əlverişli olması, artıq heç birimiz üçün sirr deyildir.  Bütün ölkələrdə internetin elə ənənəvi sahələri vardır ki, onlar daha sürətli böyüyənlərdən olur. Bu seqmentə onlayn alış veriş platformalarını aid etmək olar. Adətən hər bir ölkədə flaqman bir neçə onlayn alış-veriş saytı olur. Böyük ölkələrdə isə onlayn alış-veriş saytlarının sayı onlarla bəzən isə yüzlərlədir (bazar böyük olduğundan müxtəlif sahələr üzrə ixtisaslaşmış internet mağazaların sayı çoxdur). Artıq 2020-ci ildə olmağımıza baxmayaraq, hələki Azərbaycanda normal fəaliyyət göstərən onlayn mağazalar yoxdur. Belə mağazalar müxtəlif mərhələlərdə yaranıblar və indinin özündə də mövcuddurlar. Lakin onların sayı çox azdır və hər kəsin istifadə etdiyi bir resursa çevrilməkdə çətinlik çəkirlər. Təbii ki, bu nə vaxtsa baş verəcək. Lakin belə mağazaların indiyə kimi digər ölkələrdən fəqli olaraq bizim ölkədə inkişafına, geridə qalmasına mane olan addımlar hansılardır? Bu yazıda da məhz bu suala cavab tapmağa çalışacağıq.

Nəzərə alsaq ki, bu ilin, demək olar ki, mart (sərt karantinin tətbiqindən sonra) ayından başlanan pandemiya həyəcanı Azərbaycanda bir çox biznes sahələrinə mənfi təsir göstərsə də (bir çoxları hətta bağlanmaq səviyyəsindədir) onlayn xidmətlər öz intibah dövrlərini yaşamaqdadırlar. Buraya yemək çatdırılma şirkətləri, onlayn texnikaların sifarişi və s. aid etmək olar. Halbuki onların inkişafının lazımi səviyyəyə çatması üçün normal şəraitdə bir neçə il tələb olunacaqdır. Lakin, bu mağazalar arasında geniş miqyasla fəaliyyət göstərən ecommerce və ya onlayn mağaza yoxdur. Yəni, bizim qonşu ölkələrdə olduğu kimi  ərzaqdan tutmuş geyim və digər əşyaları sifariş verə biləcəyimiz məkan yoxdur. Bəzilərində bu imkan olsa da lakin işləmə prinsipləri və ya mal çeşidi həddən artıq aşağı səviyyədədir. O zaman bu prosesdə problemlər nədən ibarətdir? Onlayn mağazaların inkişafına nə mane olur? Bu faktorlar çoxdur və onlardan bəzilərini aşağıda sadalayaq:

  1. Bazar kiçikdir. Yəqinki ölkədə olan bütün sahələr kimi burada da bazarın ölçüsü ən vacib parametrlərdən biridir. Bu həm bazarda əlində külli miqdarda vəsaiti olan şəxslərin azlığı , həmçinin də əhalinin sayından asılı olaraq orada alış veriş tempindən və həcmindən asılıdır. Unutmaq lazım deyildir ki, Azərbaycanda internet, demək olar ki, bütün regionlarda olmasına baxmayaraq, onlayn servislərdən istifadə yalnız Bakıda təmərküzləşib – region insanları hələki bu prosesdə yaxından iştirak etmirlər.
  2. Daşınma şirkətləri ilə rəqabətdə uduzurlar. Burada iki səbəb vardır. Birincisi, əhali daşınma şirkəti vasitəsi ilə sifariş verdikdə ay ərzində 1000$ qədər olduğu halda 36% rüsumdan azaddırlar. Həmçinin, onlayn mağaza Azərbaycanda açılası olsa, mallar hamısı xaricidən gətirilməlidir (Artıq 36% üzərinə gəlir) və adətən belə bizneslərdə vəsaitin az olmasını nəzərə alsaq, o zaman mallar ilkin olaraq buradakı bizneslərdən (adətən Sədərək və Binə bazarından) cəlb edilir və bu da avtomatik olaraqhəmin biznes sahibinin marjasının malın üzərinə gəlməsi deməkdir. Yəni onlayn mağaza açan zaman malın yerli bazardan alınması onun qiymətinin artımına gətirib çıxarır. Nəzərə alsaq ki, normalda onlayn mağaza adətən offline mağazadakı qiymətdən ucuz olmalıdır o zaman bu məntiq burada qırılır.
  3. Çoxlu vəsait qoyub anbarlara malların yığılması iri investisiya tələb edir. Yuxarıda qeyd etdiyimiz kimi, belə bir biznesin yaradılması üçün mütləq olaraq anbarlarda malların yığılması tələb olunur və bu da öz növbəsində iri investisiyalar tələb edir. Demək olmaz ki, belə bir vəsaiti olan şəxslər Azərbaycanda yoxdur. Problem ondadır ki, vəsaiti olan şəxslərin çoxu internetdə biznesə, demək olar ki, inanmır.

Bu məsələ ilə bağlı həmçinin startap sahəsində kifayət qədər təcrübəsi olan  ekspert Orxan Əhmədov ilə əlaqə saxlayıb onun fikirlərini aldıq. Onun bu məsələ ilə bağlı düşüncələrini aşağıda qeyd edirik.

İlk olaraq başa düşmək lazımdır ki, Azərbaycanda kifayət qədər böyük riteyl mağaza var. Bura həm elektronika, həm geyim, həm də digər məhsulları aid etmək olar. Bununla belə, son dövrlər əksər mağazalar özlərinin onlayn mağazalarını da qurub, istifadəyə veriblər. Ancaq, təəssüflər olsun ki, yanaşma professional səviyyədə deyil və aşağıdakı problemlər həll olunmalıdır.

  • Offline və onlayn mağazaların inkişafı ilə fərqli komandalar məşğul olmalıdır. Bizdə isə şirkət iki fərqli iş üçün iki fərqli komanda saxlamaq istəmir. Bu həm daha çox maddi vəsaitin ayrılmaması, həm də buna ehtiyacın olduğunu anlamamaqdan irəli gəlir.
  • Onlayn ödəniş sistemlərinin inteqrasiyasında çətinliklər. Son dövrlər bir neçə bank onlayn ekvayrinq üçün həllər təqdim etsələr də, çatışmamazlıqlar hələ də mövcuddur. Bura həm qoşulma prosesinin ləng olması, həm ekvayrinq xidmətinin bütün mövcud e-commerce proqram həlləri üçün, hazır modul inteqrasiyalarının işlənib hazırlanmaması, həm xarici kartlardan ödənişlərdə limitlərin tətbiqi və digər çatışmamazlıqları aid etmək olar.
  • Elektron ticarət ucuz həll deyil, ancaq gələcək elektron ticarətdədir. Bir çox sahibkar elektron ticarəti çox sadə və ucuz bir iş fikirləşdiyinə görə, ciddi yanaşmır və buna görə də ilk addımları uğursuz olur. Əslində isə onlayn mağazanın açılması, offline mağazanın açılması qədər qəliz və xərcli bir işdir. Buna isə hər kəs hazır deyil.
  • Reklam, reklam, yenə də reklam! İnternet mağaza offline qədər və ya daha çox reklam olunmalıdır. Burada tək ənənəvi Tv, radio, bilbord reklamlardan deyil, eyni zamanda affiliate marketing, influencer marketing, referral proqramı, viral marketing və digər digital həllərdən də geniş istifadə olunması şərtdir.
  • Bütün bunlarla yanaşı, müştəriyə təqdim edilən sayt rahat, anlaşılan və multi cihaz (veb, mobil, app) dəstəkli olmalıdır.

Ümumiləşdirsək, bu sahədə görülməli çox iş var. Ancaq, Türkiyənin Trendyolu, Çinin Aliexpress-i və yaxud Rusiyanın Wildberrys-i qədər böyük elektron ticarət platformasının ortaya çıxacağına da inanmıram. Buna səbəb həm bazarın kiçik olması, həm yuxarıda qeyd etdiyim investisiya və texnologiyanın zəif tətbiqi, həm də qiymət ilə məhsul çeşidinin azlığıdır. Digər məqam isə müştərilərin kart ilə onlayn ödəniş etmək istəyinin olmamasıdır. Müştərilər əksər halda, “məhsul onsuz da mənə yaxındır, qoy gətirsinlər, baxım, xoşum gəlsə alaram. Birdən mən istəyən olmaz, sonra pulum batar” – deyə düşünür.

Buna baxmayaraq son illərdə bir neçə böyük onlayn mağaza yaradılaraq istifadəyə verilib ki, buna daha çox elektronika satışını həyata keçirən şəbəkələri misal göstərmək olar. Pandemiyaya görə isə ölkə ərazisində fəaliyyət göstərən geyim mağazaları da onlaynda öz mağazalarını açır və yaxud shop.az kimi marketplace-də özünü təqdim edir. Nəhayət onu qeyd etmək istəyirəm ki, Azərbaycanda elektron ticarət arzuolunan sürətlə inkişaf etməsə də, mövcuddur və bu sahədə hələ görüləcək çox iş var.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları