5.9 C
Baku
Tuesday, March 5, 2024

Azərbaycanda qiymət artımlarını tətikləyən – idxal inflyasiyası azalmaq bilmir

Azərbaycanda idxal inflyasiyası 20 faiz üzərindən aşağı düşmür.

Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2023-cü ilin mart ayında Azərbaycanın idxal etdiyi məhsullar ötən ilin eyni dövrü ilə müqayisədə 21.1% təşkil edib.

Bu, ötən ilin sonu 22.2% təşkil etsə də, 2023-cü ilin yanvarında 21.8%, fevralında isə 21.1%-ə düşüb.

2023-cü ilin yanvar-mart aylarında hazır qida məhsulları; alkoqollu və alkoqolsuz içkilər və sirkə; tütün və onun əvəzediciləri öncəki ildən 29.5% baha idxal edilir. Diri heyvanlar qrupunda bu, 25.4%-lik artımdır. Geyim məhsullarındakı idxal inflyasiyası 30%-60% arasında dəyişir. Qiymət enişi əsasən dənli bitkilərdə müşahidə edilməkdədir.

Ötən illərdə Ukrayna-Rusiya müharibəsi və eləcə də pandemiyadan sonra bərpa olunan bazarlar tələb-təklifdə fərqlər yaradıb. Enerji qiymətlərinin artması dünyada logistik və məhsul hazırlanması xərclərinin artmasına gətirib çıxarır ki, bu da məhsul qiymətlərinin bahalaşmasına səbəb olub.  Ötən il ABŞ-da 40 ilin maksimumuna çatan inflyasiyanı səngitmək üçün ABŞ Federal Ehtiyat Sistemi faizləri sıfıra yaxın rəqəmdən 5.25%-ə qaldırıb. Eləcə də inflyasiyanın yüksək olduğu Avropa mərkəzi bankları da eyni addımları atıblar.

Azərbaycan Mərkəzi Bankı da inflyasiyanın idxal olunduğunu deyir. AMB-nin açıqlamasına görə, hələ cari inflyasiyanı sabit məzənnə – manatın dollara qarşı nisbətinin 1.70 də olması ölkə daxilində yüksəlmə riskindən neytrallaşdırır.

Bir faktı qeyd edək ki, 2023-cü ilin martında ölkə üzrə orta illik inflyasiya 13.6%-dir, bu, ötən ilin sentyabrındakı pik həddən 2% aşağıdır.

Azərbaycan öncəki ildə neft-qaz qiymətlərinin bahalaşmasından ixrac dəyərində və eləcə də hər məhsulun orta qiymətində artım əldə etmişdi. 2022-ci ilin sonunda Azərbaycanın xaricə ixrac etdiyi məhsullar 60.2% bahalaşmışdı.

Son aylarda isə neftin qiymətlərində aydan-aya eniş ölkənin ümumi ixracındakı qiymət indekslərinə də təsir edir. Azərbaycanın mart ayında xaricə ixrac etdiyi əmtəələr öncəki ildən 13.8% ucuzdur. Ötən il bir barreli 100 ABŞ dollar ətrafında olan neftin hazırda bir barreli 80 dolların altına düşüb. Əlavə olaraq ixrac həcmi də öncəki qədər deyil.

2023-cü ilin birinci rübü Azərbaycan xaricə 9.86 mlrd. dollarlıq məhsul ixrac edib və 4.03 mlrd. dollarlıq məhsul idxal edib.

Son xəbərlər
Digər xəbərlər