Azərbaycanda tender nəticələri ləğv olundu

0
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi keçirdiyi tenderin nəticələrini ləğv edib. Buna səbəb agentliyin yerli strukturları üçün yumşaq inventarın satın alınmasına dair müsabiqədə əvvəlcədən sövdələşmə halının aşkar edilməsidir. Bu, dövlət strukturları tərəfindən elan etdikləri tenderin nəticəsinin korrupsiya şübhəsi ilə ləğv edilməsinə dair ilk presedentdir.

Belə ki, Aqrar Xidmətlər Agentliyi oktyabrın 15-də yerli strukturları üçün yumşaq inventarın alınmasına dair kotirovka elan edib. İddiaçılara isə sənədlərlə tanış olmaq və təkliflərini təqdim etmək üçün cəmi iki gün vaxt ayrılmışdı. Təqdim edilən sənədlər paketinin açılması ertəsi gün saat 10.00-da baş verib. Lakin ötən şənbə günü, noyabrın 2-də Aqrar Xidmətlər Agentliyi müsabiqənin nəticəsinin keçərsiz olduğu haqda “Xalq qəzeti”ində elan yerləşdirib.

Tender komissiyasının adından yerləşdirilən elanda deyilir: ““Xalq qəzeti”nin 15 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən yerli qurumlara yumşaq inventarların satın alınması məqsədilə dərc edilmiş kotirovka sorğusunda iddiaçılardan ikisinin (“Profamily” MMC və “M.F.Pro” MMC) qanuni təmsilçilərinin eyni şəxs olması satınalma prosedurunda sövdələşmə ehtimalı yaratdığı üçün müsabiqənin nəticəsi qüvvədən düşmüş hesab edilir”.