25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda uçot dərəcəsi azaldı

Mərkəzi Bankın qərarı.

Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyat və bölgədə baş verən son proseslər fonunda öz dayanıqlığını qoruyur və sabit inkişaf kursunu davam etdirir. Cari ildə iqtisadi tsikldəki yeni meyillərə adekvat olaraq makroiqtisadi siyasətdə həyata keçirilən mühüm təshih tədbirləri milli iqtisadiyyatın dayanıqlığının qorunmasına yönəlib. 

Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, həyata keçirilən məqsədyönlü məzənnə siyasəti iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə və tədiyə balansının strateji dayanıqlığına müsbət təsir edib. Eyni zamanda makroiqtisadi sabitlik qorunub, 2015-ci ilin birinci yarısında inflyasiya aşağı təkrəqəmli səviyyədə qalıb.

“Son 2 ayda valyuta bazarı və manatın məzənnəsi əhəmiyyətli dərəcədə stabilləşib, Mərkəzi Bankın valyuta ehtiyatlarında artım müşahidə olunub” – deyə, bank qeyd edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib ki, AMB ölkədə makroiqtisadi sabitliyin qorunması ilə yanaşı iqtisadi artımın və milli iqtisadiyyatın şaxələnməsi proseslərinin dəstəklənməsi istiqamətində də məqsədyönlü fəaliyyətini davam etdirib.

AMB onu da əlavə edib ki, bu sahədə ən mühüm fəaliyyət istiqamətlərindən biri bank xidmətlərinin ucuzlaşması, xüsusilə faiz dərəcələrinin enməsinin təşviq olunmasıdır.  Bununla bağlı son vaxtlar bank sektorunun fəaliyyətinin tənzimlənməsi üzrə həyata keçirilən tədbirlər faizlərin aşağı düşməsinə şərait yaradır.

Eyni zamanda inflyasiyanın məqbul səviyyəsini və pul təklifinin dinamikasını nəzərə alaraq pul siyasətinin daha da yumşaldılması imkanları yaranır.

AMB qeyd edib ki, qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin maliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 13 iyul 2015-ci il tarixindən uçot dərəcəsinin 3.5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul edib.

Son xəbərlər
Digər xəbərlər