17 C
Baku
Friday, April 19, 2024

Azərbaycan büdcənin hesabatlılığı ilə bağlı qlobal mövqeyini yaxşılaşdırıb

Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı müxtəlif ölkələrin dövlət büdcəsi üzrə hesabatlılıq səviyyəsi ilə bağlı 2021-ci il üçün Açıq Büdcə İndeksini (“The Open Budget Survey-2021”) açıqlayıb.

Banker.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan büdcənin şəffaflığı üzrə 100 mümkün baldan 57-ni toplayıb. Bu, 2019-cu illə müqayisədə 22 bal çoxdur.

Ötən il Azərbaycan 8 əsas büdcə sənədinin (ilkin açıqlama, icraçının büdcə təklifi, qəbul edilmiş büdcə, vətəndaşların büdcəsi, illik hesabatlar, yarımillik icmal, ilin yekun hesabatı, audit hesabatı) hamısını ictimaiyyətə açıqlayıb. 2019-cu ildə ilkin açıqlama və yarımillik icmal təqdim edilməmişdi.

Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı ötən il Azərbaycanın büdcə ilə bağlı ilkin açıqlamasının əhatəliliyini 78 balla, icraçının büdcə təklifinin əhatəliliyini 43 balla, qəbul edilmiş büdcənin əhatəliliyini 78 balla, vətəndaş büdcəsinin əhatəliliyini 58 balla, illik hesabatların əhatəliliyini 96 balla, yarımillik icmalın əhatəliliyini 63 balla, ilin yekun hesabatı və audit hesabatının əhatəliliyini isə 62 balla qiymətləndirib.

Region ölkələrindən Gürcüstan 87 bal (əvvəlki hesabatla müqayisədə 6 bal çox), Rusiya 73 bal (1 bal az), Qazaxıstan 63 bal (5 bal çox), Türkiyə isə 55 bal (4 vahid çox) toplayıb.

Xatırladaq ki, hesabat mərkəzi hökumətin ictimai resursları necə artırdığı və xərclədiyi barədə məlumatlara ictimaiyyətin çıxış imkanlarını ölçür. Hesabat, 109 bərabər ölçülmüş göstəricidən istifadə etməklə 8 əsas büdcə sənədinin onlayn mövcudluğu, yeniliyi və əhatəliliyini qiymətləndirir, hər bir ölkəni 0-dan 100-ə qədər olan şkala ilə qiymətləndirir. 61 və ya daha yüksək bal şəffaflığı, ölkənin büdcə ilə bağlı ictimai müzakirələri dəstəkləmək üçün kifayət qədər material dərc etdiyini göstərir.

İndeksdə büdcəyə nəzarət də öz əksini tapıb. Hesablamalara görə Azərbaycanda ali qanunverici orqan (Milli Məclis) və onun ali audit qurumu (Hesablama Palatası) büdcəyə 63% nəzarət edirlər. Ayrılıqda isə qanunverici orqanların nəzarəti 50, ali audit qurumunun nəzarəti isə 89 balla qiymətləndirib. Təşkilat bəyan edib ki, Azərbaycan Parlamenti büdcənin planlaşdırılmasına və icrasına məhdud nəzarət həyata keçirir.

Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı Azərbaycanda maliyyə siyasəti üzrə ictimai iştirakçılığı isə 9 balla qiymətləndirib. 2019-cu illə müqayisədə bu göstərici dəyişməyib. Hesabatda, Gürcüstanda ictimai iştirakçılıq 44 balla (16 bal az), Rusiyada 28 balla (6 bal çox), Qazaxıstanda isə 9 balla (8 bal az) qiymətləndirib. Qurum büdcə prosesində ictimaiyyətin iştirakını daha da genişləndirmək üçün Maliyyə Nazirliyinə, Milli Məclisə və onun tabeliyindəki Hesablama Palatasına bir sıra tövsiyələr verib.

Tövsiyələrdə deyilir ki, Maliyyə Nazirliyi büdcənin tərtibi zamanı ictimaiyyətin büdcənin icrasına nəzarət etməsi üçün pilot mexanizmlər tətbiq etməli, eləcə də həssas və az təmsil olunan icmalarla birbaşa və yaxud onları təmsil edən vətəndaş cəmiyyəti təşkilatları vasitəsilə aktiv şəkildə əlaqə saxlamalı, Milli Məclis büdcəni təsdiq etməzdən əvvəl ictimaiyyətin və yaxud vətəndaş cəmiyyəti təşkilatlarının üzvlərinə fikirlərini ifadə etməyə icazə verməli, Hesablama Palatası isə büdcə prosesində ictimaiyyətin iştirakını yaxşılaşdırmaq üçün mexanizmlərin yaradılmasına çalışmalıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər