Bu ilin aprelin 11-16-da Dubayda II “Regional Mikromaliyyə Bootkamp”ı keçiriləcək.
Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA) verdiyi məlumata görə, tədbirdə Azərbaycanı AMFA-nın üzvlərindən ibarət nümayəndə heyəti təmsil edəcək. 6 gün davam edəcək “Bootkamp” Cənubi Asiya, Yaxın Şərq və Orta Asiyadan olan müxtəlif mütəxəssis qruplarını bir araya gətirmək məqsədi daşıyır.
“Tədbir zamanı bir sıra interaktiv və məlumatlandırıcı sessiyalarda Mikromaliyyə Bankları, Bank olmayan Mikromaliyyə təşkilatları, donorlar, tənzimləyicilər, “fintech” təminatçıları, investorlar iştirak edəcək. İştirakçılar beynəlxalq maliyyə sektorunda tanınan təlimçi və məruzəçilərdən təcrübə qazanmaq şansı əldə edəcək. Bu, həmçinin güclü və peşəkar iş əlaqələrinin qurulması üçün yaxşı fürsət olacaq”, – AMFA-nın məlumatında deyilir.
©APA