15 C
Baku
Friday, March 29, 2024

Azərbaycan-Ermənistan sülh müqaviləsi – Rusiya, Avropa, ABŞ nə təklif edir?

Bu gün Ermənistan ən yüksək səviyyədə (baş nazir və parlament spikeri) bəyan etdi ki, bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanacaq.

Son dövrlərdə baş verən proseslər özlüyündə Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirməyə kömək edir. Bu baxımdan iki məqama diqqət çəkmək olar: tərəflər arasında danışıqların predmeti və beynəlxalq vasitəçilərin yanaşmaları.

Hal-hazırda, Bakı və İrəvan 5 mövzu üzrə münaqişəli mövqelərə sahibdir:

1) dövlətlərarası münasibətlərin gələcəyi və hüquqi əsasları;
2) sərhədlərin demarkasiya və delimitasiyası;
3) Qarabağ ermənilərinin gələcəyi;
4) nəqliyyat-kommunikasiya xətlərinin (xüsusilə, Laçın korridoru və Zəngəzur korridoru) gələcəyi;
5) humanitar məsələlər (minalar, əsirlər, itkin düşmüş şəxslər və s.).

Bu 5 münaqişəli mövzu üzrə tərəfləri bir araya gətirməyə çalışaraq sülh müqaviləsinə nail olmağa çalışan iki yanaşma mövcuddur:

1) Rusiya Federasiyasının təklif etdiyi sülh müqaviləsinin draft versiyası (ictimaiyyətə açıq mənbələrə əsasən!) diplomatik münasibətlərin bərpasını, sərhədlərin demarkasiya və delimitasiyasını, humanitar məsələlərin həllini özündə ehtiva edir. Görünən budur ki, Rusiya tərəfi öz hərbçilərinin yerləşəcəyi təqdirdə 10 noyabr bəyanatına əsasən Zəngəzur korridorunun da bu və ya digər formada açılmasını da dəstəkləyir. Ancaq Rusiya Dağlıq Qarabağın “subyektliyini” qorumaqda maraqlıdır və ona görə də Qarabağ ermənilərinin statusu ilə bağlı müzakirələrin gələcəyə saxlanılmasına çalışır.

2) Avropa İttifaqının vasitəçiliyi ilə formalaşdırılmış və daha sonra ABŞ tərəfindən dəstəklənmiş formatda 1, 2 və 5-ci məsələlər ilə bağlı Rusiya ilə fundamental (!) fərq mövcud deyil. Qarabağ ermənilərinin gələcəyinə gəldikdə isə Brüssel ümumiyyətlə bu məsələnin sülh müqaviləsinə daxil edilməməsinin tərəfdarıdır. Qarabağ ermənilərinin gələcəyi daha çox Azərbaycan daxilində azlıqların hüquqlarının müdafiəsi kontekstində baxılır. Zəngəzur korridoru məsələsinə gəldikdə isə Qərb “korridor məntiqinə” razı olmadığı bəyan edir. Buna səbəb olaraq isə 10 noyabr bəyanatına əsasən Zəngəzur korridorunun reallaşcağı təqdirdə Rusiyanın regiondakı hərbi mövcudluğunun artacaq olması qeyd edilir.

Ümumiləşdirsək, Brüssel formatının Qarabağ erməniləri ilə bağlı daha çox Bakının, Zəngəzur korridoru ilə bağlı isə İrəvanın tezislərini dəstəklədiyini görürük. Moskva formatında isə Zəngəzur korridoru məsələsində Bakının mövqeyi daha çox dəstəklənsə də, Qarabağ erməniləri ilə bağlı Bakının mövqeyi Moskva tərəfindən qəbul edilmir.

Son xəbərlər
Digər xəbərlər