“Biz açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki, Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev 20 may 2021-ci il tarixdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformat müzakirədə deyib.
“Sizin də bildiyiniz kimi, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və bununla bağlı heç bir şübhə yoxdur. Dağlıq Qarabağ işğal dövründə və indi də Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. Buna görə də onlar Dağlıq Qarabağın statusu haqqında bütün səylərdən vaz keçməlidirlər. Bu, müzakirə predmeti olan məsələ deyil. İndi bizdə olan məlumata görə, rus sülhməramlılarının nəzarəti altındakı ərazidə otuz min insan yaşayır. Orada yaşayan insanlar bizim vətəndaşlarımızdır. Biz onları erməni təbliğatı tərəfindən beyinləri yuyulmuş vətəndaşlarımız hesab edirik.
Əgər sülh sazişinə nail olunarsa, onda əlbəttə ki, sizin dediyiniz kimi, ikinci mərhələ olan üç Cənubi Qafqaz ölkəsi arasında azad ticarət aparıla bilər və bu da mümkündür. Beləliklə, biz buna hazırıq. Biz Ermənistan tərəfindən müsbət cavab gözləyəcəyik.